“Maraqlıdır ki, Azərbaycana 2023-cü ildə 45,5 min ton, 2024-cü ildə isə 64,5 min ton palma yağı və onun fraksiyaları idxal edilib. Amma bu il Statistika Komitəsi elan edir ki, guya yanvar ayının 1-dən indiyə qədər Azərbaycana, bir kiloqram da olsun palma yağı idxal edilməyib. Bununla bağlı Nazirlər Kabinetinin heç bir qərarı yoxdur. Ölkəyə palma yağının idxal edilməsinin qadağan olunması barədə yanvarın 1-dən etibarən heç bir qərar qəbul edilməyib”. Bu sözləri SİA-ya açıqlamasında “Liberal İqtisadçılar Mərkəzi”nin sədri Akif Nəsirli deyib.
Akif Nəsirli sözlərinə belə davam edib: “Elə isə sual olunur: illərlə artan templə davam edən palma yağı idxalının qarşısını nə alıb? Əgər bu, gömrük işçilərinə tapşırıq şəklində verilibsə ki, bu tip yağların ölkəyə daxil olmasına mane olsunlar, bunun üçün hüquqi baza olmalıdır. Palma yağının Azərbaycana idxalının qadağan olunması üçün mütləq qanun və ya hansısa hüquqi normativ akt qəbul edilməlidir ki, Gömrük Komitəsi də bu normativ hüquqi akta əsaslanaraq ölkəyə idxalı dayandırsın.
Maraqlıdır, əgər həqiqətən də yanvarın 1-dən palma yağı ölkəyə idxal olunmursa, bu, hansı qərar əsasında dayandırılıb? Bu, bəlli deyil.
Amma məsələnin digər tərəfi də var. Əgər palma yağının Azərbaycana idxalı doğrudan da dayanıbsa, bu təqdirəlayiq haldır. Çünki palma yağı ucuz olsa da, insan sağlamlığına zərər verə biləcək tərkibə malikdir.
Palma yağı iki formada olur: birincisi, palmanın lətindən alınan yağdır ki, bu, daha keyfiyyətli və bəzi hallarda faydalı yağ sayılır. İkincisi isə palmanın çəyirdəyindən alınan yağdır ki, məhz bu növ insan sağlamlığı üçün zərərlidir. Çünki bu yağın molekulları kifayət qədər böyükdür və insan həzm sisteminin süzgəclərindən bəzi hallarda keçə bilmir. Davamlı qəbul edildikdə isə bu süzgəclər sıradan çıxır və yağlar orqanizmdə piy şəklində toplanmağa başlayır. Bu da piylənməyə, nəticə etibarilə isə kökəlməyə səbəb olur. Piylənmə və kökəlmə isə bir çox xəstəliklərin səbəbkarıdır.
Digər tərəfdən, palma yağının ərimə temperaturu insan orqanizminin orta temperaturundan yüksəkdir – təxminən 40°C. Bu səbəbdən də palma yağı insan orqanizmi üçün uyğun hesab olunmur və bu fikir bir çox ölkələrdə qəbul olunub. Ona görə də, bu yağlar nisbətən ucuz qiymətə satılır, dünya bazarında 1-2 dollar arasında. Məhz ucuz olduğuna görə Azərbaycana gətirilir. Azərbaycanda isə bu yağlara dad verilib, “kərə yağı” adı altında 5-6 manata satılır. Marketlərdə 5-10 manat arasında satılan kərə yağlarının əksəriyyətinin tərkibi tamamilə palma yağıdır.
Bu baxımdan, palma yağının Azərbaycana idxalının məhdudlaşdırılması müsbət haldır. Lakin bu qadağanın hüquqi əsaslarla tənzimlənməsi vacibdir. Əgər hüquqi baza olmadan qadağa tətbiq olunursa, bu zaman sahibkarların hüquqları pozulur. Sahibkar tapşırıqlara uyğun hərəkət etməməlidir, qanun və normativ aktlara uyğun şəkildə fəaliyyət göstərməlidir. Əgər o, ölkəyə qadağan olunmamış məhsul idxal edirsə, amma gömrükdə həmin məhsul dayandırılırsa, bu, qanunsuzluqdur.
Bu cür halların qarşısını almaq üçün mütləq palma yağının idxalının qadağan edilməsi ilə bağlı qanun, qərar və ya hüquqi normativ akt qəbul edilməlidir ki, məsələ hüquqi çərçivədə həll olunsun”.
Ayşən Vəli