“Gənclərin Anti-Narkomaniya İctimai Birliyi (GANİB) gənclər arasında narkotik vasitələrin istifadəsinin qarşısının alınması məqsədilə beynəlxalq təcrübələrin öyrənilməsi və onların yerli səviyyədə tətbiqinə yönəlmiş yeni təşəbbüslərlə çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında Narkotiklər üzrə Vyana QHT Komitəsinin üzvü, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova deyib.
O bildirib ki, bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrdən biri olan Çin Xalq Respublikasının modeli Azərbaycanda tətbiq oluna biləcək praktik və effektiv yanaşmalar təqdim edir: “Çin modeli təkcə sərt qanunvericilik tədbirləri ilə deyil, həm də maarifləndirmə, reabilitasiya, texnologiyadan istifadə və sosial reinteqrasiya sahələrindəki sistemli yanaşması ilə seçilir. Çində məktəblərdə və ictimai platformalarda gənclərin maarifləndirilməsinə xüsusi önəm verilir, süni intellekt və rəqəmsal texnologiyalar vasitəsilə risk qrupları erkən mərhələdə müəyyənləşdirilir və onların cəmiyyətə uğurlu reinteqrasiyası üçün kompleks proqramlar həyata keçirilir.
Bu yanaşmalar Azərbaycanın sosial reallıqları nəzərə alınmaqla yerli kontekstə uyğunlaşdırıla bilər. Bu baxımdan aşağıdakı istiqamətlər prioritet hesab olunur:
* Məktəblərdə və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə kampaniyalarının təşkili;
* Reabilitasiya mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi;
* Rəqəmsal platformalar vasitəsilə gənclərə psixoloji və informasiya dəstəyinin göstərilməsi;
* Risk qrupları ilə bağlı ictimai sorğular və məlumat bazaları əsasında hədəfli tədbirlərin planlaşdırılması.
GANİB yaxın aylarda Çin modelini daha dərindən öyrənmək məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi layihələrini reallaşdırmağı planlaşdırır. Eyni zamanda, təşkilat yerli tərəfdaşlarla birgə bu modelin Azərbaycanda tətbiqi imkanlarını müzakirə etmək üçün ictimai təqdimatlar və açıq dialoq formatında tədbirlər təşkil etməyi nəzərdə tutur”.