“Ermənistanın ümumiyyətlə dünya xəritəsində peyda olması, bu ölkənin yaradılması məhz xarici, xüsusilə xristian dövlətlərinin qüvvələri ilə irəli sürülmüş bir təşəbbüs idi. Bu ölkəni elə-belə yaratmayıblar. Bu ölkə yalnız türk-müsəlman dünyasının göbəyində yer almaqla artıq neçə illərdir, hətta bir-iki əsrdir ki, burada dağıdıcı, pozucu rolunu oynayır. Ermənistanın təyinatı da məhz budur. Yəni, onu ona görə yaradıblar ki, bu, elə “maşa” kimi onların sifarişlərini yerinə yetirsinlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, hal-hazırda Ermənistanın bu funksiyası bir az da gücləndirilməyə doğru gedir. Çünki Gürcüstanı Qərb ələ ala bilmədi.Gürcüstanda keçirilən son seçkilərdə Qərbin institutları orada dəhşətli şəkildə biabır oldular, məğlub oldular: “Ona görə də indi Ermənistan yeganə vasitə və yeganə açardır ki, onun əli ilə burada proseslərdə əngəllər yarada bilsinlər. Belə baxanda, sülh kimə mane olur. Əksinə, əgər erməni xalqı inkişaf etmək istəyirsə, onun institutları ayağa qalxmaq istəyirsə, onlar gərək sülhdən istifadə etsinlər. Onlar gərək ilk növbədə sülh uğrunda gedən mübarizənin qalibinə çevrilsinlər. Müharibəni uduzdular bəli, çünki Azərbaycan haqq tərəfində idi, Azərbaycan güclü idi və öz sözünü demişdi. Onlar sülhdən imtina etdilər, kompromis axtarışını rədd etdilər, ona görə də paylarını aldılar. Amma sülh uğrunda gedən mübarizədə Ermənistan uduzsa, bu, faktiki olaraq onların dövlətçiliyinin sonuna aparan bir yola çevriləcək. Çünki bu, qaçılmazdır. Yəni, bölgədə olub, bölgə ilə savaşa daim qatılmaq ağlasığmaz bir seçimdir. Tarixə baxsaq, görərik ki, əslində Ermənistan ən azı dörd dəfə böyük miqyaslı müharibələri bölgəmizdə meydana gətirib çıxarıb və hamısında da həm biabır olub, həm də uduzub. Son Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi də buna bariz bir təsdiqdir ki, bəli, Ermənistan həddini aşmamalıdır.
Əgər siz köçəri millət olaraq gəlib burada peyda olmuşsunuzsa, yerli əhali ilə dil tapmalısınız. Bu bütün zamanlar, bütün millət və toplumlar üçün bir qanundur, qaçılmaz qanundur. Ona görə də Ermənistan çox böyük riskləri meydana gətirməklə sifarişləri həyata keçirir. Amma indi onun arxasında duran Fransa, xüsusilə o da yavaş-yavaş geri çəkilir. Çünki Fransa, bildiyiniz kimi, Suriyada məğlub oldu, Türkiyənin qarşısında tab gətirə bilmədi və həm də bu, Fransanın Ermənistana olan diqqətinin və dəstəyinin zəifləməsinə gətirib çıxara biləcək bir amildir.
Azərbaycanın təqdim etdiyi sülh planı əlbəttə ki, ən yaxşı çıxış yoludur həm bizim üçün, həm də Ermənistan üçün. Digər tərəfdən də təhlükəsizliyin qorunmasının ən münasib, ən normal yolu o danışıq, dialoq və əməkdaşlıqdan keçir. Biz bunu Ermənistana təklif edirik.
Əgər Ermənistan, həqiqətən də, Nikol Paşinyanın dediyi kimi, mifik ölkədən real ölkəyə çevrilmək istəyirsə, gərək bizim bu təklifimizi iki əlli dəstəkləsin, bütün ürəklə ona tərəf getsin. Mən əlbəttə düşünürəm ki, prinsip etibarilə artıq Ermənistan bütün alternativlərin hamısını yoxladıqdan sonra görür ki, artıq çarəsiz qalır və onun yeganə çıxış yolu Azərbaycanın sağlam, praqmatik, rasional yanaşması ilə, planı ilə barışmaq və razılaşmaqdır.
O, bunu istəyir, amma bunu etməyə qoymayan qüvvələr var. Bu, həm ABŞ siyasi dairələridir, həm lobi dairələridir, digər tərəfdən diaspor strukturlarıdır və nəhayət, Erməni kilsəsidir. Bu Erməni kilsəsi demək olar ki, Erməni xalqının axına qarşı çıxacaq bir instituta çevrilir. Çünki kilsə əgər Allaha çağırışlar edirsə, o, niyə gərək qarşıdurmanı, zorakılığı, barbarlığı təbliğ etsin? Amma çox təəssüf ki, bu kilsənin özünə məxsus belə əcayib və anlaşılmaz təyinatı var. Beləliklə, artıq erməni xalqı gərək özü seçsin ki, onları həmişə oda salan kimdir və o oddan da uzaqlaşsınlar”.