İstanbulda Beynəlxalq Ailə Forumu keçirilir


May 22-də İstanbulda “Qloballaşan dünyada ailənin qorunması və gücləndirilməsi” mövzusunda Beynəlxalq Ailə Forumu işə başlayıb. SİA xəbər verir ki, forum Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaşın himayəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin Türkiyədə “Ailə İli” elan edilməsi çərçivəsində təşkil olunub.

Tədbirdə dünyanın 27 ölkəsi təmsil olunur ki, onlardan 23-ü forumda nazirlər səviyyəsində iştirak edir.

Forumda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edir.

Tədbirin açılış mərasimində çıxış edən Mahinur Özdemir Göktaş ailə dəyərlərindən danışıb və bunun əhəmiyyətinə toxunub.

Bu gün təşkil olunan nazirlər sessiyasında çıxış edən Bahar Muradova tədbirin mövzusunun həyati əhəmiyyət daşıdığını, bu məsələnin belə əhatəli beynəlxalq platformada müzakirəsinin mənəvi və ictimai baxımdan dərinləşən çağırışlara birgə cavab axtarmaq baxımından çox dəyərli olduğunu vurğulayıb.

O bildirib: “Parodoksal haldır ki, indi biz hamımız problemlərin və risklərin daha çox qloballaşdığı, həll yolları və cavabların tapılması sahəsində isə parçalandığı bir dünyada yaşayırıq. Ailə institutunun zəifləməsi, ailədaxili münasibətlərdəki mənəvi boşluqlar və sosial təcrid riski bütün ölkələrdə ortaq problemlərə çevrilib. Bu çağırışlara isə yalnız ortaq dəyərlərin müdafiəsi,birgə təşəbbüslər və beynəlxalq əməkdaşlıq sayəsində cavab tapmaq olar.

Azərbaycan dövləti ailəni cəmiyyətin əsası, milli kimliyin qoruyucusu və strateji inkişafın dayağı kimi qiymətləndirir. Bu baxış Prezident İlham Əliyevin liderliyində ailə institutunun, milli-mənəvi dəyərlərin qorunması şərti iıə dövlətin sosial siyasətinin mərkəzində dayanır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva milli və beynəlxalq miqyasda bu prosesin önündə gedərək bütün səviyyələrdə örnək fəaliyyət sərgiləyir. Eyni zamanda, hazırda “Azərbaycan Respublikasının ailə siyasətinin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənədin – “Ailə Konsepsiyası”nın üzərində işlər aparılır”.

Qeyd edilib ki, bu əsasda formalaşan multikultural dəyərlər ailə münasibətləri, uşaq tərbiyəsi və qadınların sosial həyatda iştirakı məsələlərində zəngin təcrübə və uzlaşma nümunələri əldə etməyə imkan yaradıb. İndi cəmiyyətin rifahı, qadınların və uşaqların reabilitasiyası, ailələrin münaqişədən sonrakı dövrdə müdafiəsi və sosial inteqrasiyası prioritet sahələrimizdəndir. Bu məqsədə çatmaq üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində, İslam ölkələri, eləcə də digər regional və beynəlxalq formatlarda qurulmaqda olan əməkdaşlıq modellərimiz ailə dəyərlərinin qorunması üçün nümunəvi istiqamət formalaşdırır.

Forum işini “Yüksək mənfəət müqabilində: Qlobal çağırışların fərdlərə, ailələrə və cəmiyyətə təsiri”, “Təsəvvür və reallıq arasında: Mədəniyyətdə, incəsənətdə və mediada ailə”, “Rəqəmsal dövrdə ailə olmaq”, “Əhali artımı mifidirmi? – Qlobal gündəmin əhali azalmasına təsiri” mövzularında panel iclaslarla davam etdirəcək.

Tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri, sərgilər, yarmarkalar və təqdimatlar təşkil olunub.

Əlaqəli Xəbərlər