“Qeyri-rəsmi türk zirvəsinin, bəlkə də, ən əlamətdar xüsusiyyətlərindən biri dövlət başçılarının bir-birinə hər zamankı kimi etdikləri səmimi jestlərdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O bildirib ki, bu nöqteyi-nəzərdən Macarıstanın Baş naziri ilə Azərbaycan Prezidentinin münasibətlərində nüanslara xüsusi diqqət etməyə gərək var: “Ən əhəmiyyətli cəhət isə şəxsi ünsiyyətlərdə dövlətlərin apardığı siyasətin digər müttəfiq ölkə başçıları tərəfindən səmimiyyətlə qarşılanması və dəstəklənməsidir.
Azərbaycan Prezidentinin Macarıstan Baş nazirinin siyasəti ilə bağlı dediyi sözlər həm müttəfiqlik münasibətləri çərçivəsində təəssübkeş yanaşmadır, həm Macarıstanı hazırkı siyasi kursda daha qətiyyətli olmağa həvəsləndirmək üslubudur. Eyni zamanda Avropaya nümayiş etdirməkdir ki, Türk Dövlətləri Təşkilatı Avropa Birliyinin yeganə türk üzvü olan Macarıstanı çətin anlarda tək buraxmayacaq. Xüsusilə də, Macarıstanın bir sıra əsas məsələlərdə Avropa Birliyinin əsas siyasətinə şərik olmaması onların arasında problemlərə və soyuqluğa gətirib çıxarır. Dəfələrlə Macarıstan Ukrayna, Ermənistanla bağlı Avropa Birliyinin bəzi layihələrinə monitorinq qoyub”.
“Eyni zamanda Avropa Birliyi, guya, vahid siyasi-iqtisadi, mənəvi, mədəni baxımdan humanitar məkan olaraq Avropada bütün milli-mənəvi dəyərlərin bir-birinə qovuşması yönündə siyasət aparır ki, bu da bir çox hallarda üzv dövlətlərin narazılığına səbəb olur. Çünki bu inteqrasiya heç bir halda dövlətlərin milli-mənəvi və mədəni identikliyinə ziyan gətirməməlidir. Bu nöqteyi-nəzərdən Macarıstanın Baş nazirinin ölkədə milli-mənəvi dəyərlərin qorunması, hətta bu yolda Avropa Birliyi ilə müəyyən məqamlarda toqquşması belə ona ancaq simpatiya yaradır. Azərbaycan Prezidenti də məhz bunu qeyd etdi ki, Macarıstanın Avropa Birliyinin üzvü olmasına baxmayaraq o, özünün milli suveren maraqları çərçivəsində cəsarətli siyasət aparır. Fikrimcə, İlham Əliyevin bu sözlərinə yəqin iştirak edən digər türk dövlət başçıları da şərik olardılar. Bəlkə də, müxtəlif səviyyələrdə bu fikirlər müəyyən formalarda onlar tərəfindən də ifadə olunub. Həqiqətən, Macarıstanın Şərq dəyərlərinə nisbətən yaxın ölkə olduğunu nəzərə alsaq, onun bu gün öz milli-mənəvi dəyərlərini qorumaq üçün inadkar siyasət aparmasına sadəcə ehtiyac var. Bu cəhətdən Azərbaycan Prezidentinin ona verdiyi dəstək strateji əhəmiyyətlidir və Macarıstanın öz siyasi kursunda daha ardıcıl və qətiyyətli olmağa təşviq edir” – deyə o, əlavə edib.