“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi son dövrlərdə əhəmiyyətli artım nümayiş etdirmişdir. Cari ilin əvvəlindən etibarən, iki tərəf arasında ticarət dövriyyəsində təxminən 35%-lik artım qeydə alınmışdır. Hazırda, ilin ilk 4 ayı ərzində ticarət dövriyyəsinin həcmi 7 milyard ABŞ dollarını keçmişdir və ilin sonuna qədər bu rəqəmin təqribən 20 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyəyinin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, ümumi ticarət dövriyyəsinin təxminən 1 milyard ABŞ dolları həcmindəki hissəsi Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixrac etdiyi məhsullara aiddir. Təxminən 6 milyard ABŞ dolları isə ölkənin Avropa İttifaqından idxal etdiyi məhsulların dəyərini təşkil edir.
Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi artmaqda davam edir. Əlavə olaraq, cari il ərzində təqribən 20 milyard ABŞ dolları dəyərində olan ticarət əməliyyatlarının çərçivəsində, Azərbaycan Avropa ölkələri ilə 12-si bu dövlətlərdən olmaqla, ümumilikdə 10-a yaxın ikitərəfli iqtisadi və ticarət sazişi həyata keçirmiş və razılaşdırmışdır. Bu göstəricilər Azərbaycanın Avropa İttifaqı ölkələri ilə iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyini təsdiqləyir.
Arzuolunan məqsəd, Azərbaycanın ümumi ticarət dövriyyəsində Avropa ölkələrinə ixracın həcmini artırmaq və idxal ilə ixrac arasında tarazlı balansın formalaşmasına nail olmaqdır. Bu isə öz növbəsində iqtisadi münasibətlərin qarşılıqlı fayda, bərabər hüquq və simmetrik ticarət həcmi əsasında inkişafını təmin edir.
Azərbaycanın gələcək iqtisadi perspektivləri və inkişaf strategiyası çərçivəsində ixrac potensialının artırılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Bu istiqamətdə, ölkədə istehsal edilən məhsulların həcminin genişləndirilməsi və həmin məhsulların xarici bazarlara, xüsusilə də Avropa bazarına ixracı xüsusi əhəmiyyət kəsb edir.
Sözügedən məhsullar əsasən Azərbaycan mənşəli milli brend məhsullardır. Onlar ərzaq və qeyri-ərzaq sektorunda istehsal olunur və “Made in Azerbaijan” markası altında beynəlxalq bazarlarda tanınmağa və tələbat qazanmağa davam edir”.
İqtisadçı qeyd edir ki, eyni zamanda qeyd edilməlidir ki, Azərbaycanın texnoloji inkişafı hökumət tərəfindən strateji prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir: “Ölkədə iqtisadi sabitlik şəraitində texnoloji yeniliklərin tətbiqi və texnologiya yönümlü məhsulların istehsalı üçün əlverişli zəmin formalaşmışdır. Bu isə Azərbaycanın daxili bazarının texnoloji məhsullarla təmin olunması ilə yanaşı, həmin məhsulların xarici bazarlara, xüsusilə Avropa ölkələrinə ixracı baxımından da yeni imkanlar yaradır.
Hazırkı vəziyyətdə, ötən illə müqayisədə Azərbaycanın iqtisadi dövriyyəsinin, o cümlədən xarici ticarət dövriyyəsinin artması müşahidə olunmaqdadır. Bu artım həm Azərbaycanın Avropa ölkələrindən idxal etdiyi məhsulların həcminin yüksəlməsi, həm də Azərbaycanın həmin ölkələrə ixrac etdiyi məhsulların artımı ilə müşayiət olunur. Bu tendensiya müsbət indikator olmaqla, Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin genişlənməsi və möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
Qlobal iqtisadi və geosiyasi reallıqlar kontekstində, xüsusilə Avropa İttifaqı ilə Rusiya Federasiyası arasında Ukrayna münaqişəsi fonunda yaranmış gərginlik, Avropa bazarlarında alternativ tədarük kanallarına və tərəfdaşlara olan tələbatı artırmışdır. Bu kontekstdə Azərbaycan üçün yeni ixrac imkanlarının yaranması və Avropa bazarlarında daha aktiv mövqe tutmaq imkanları formalaşmışdır”- deyə o əlavə edib.