“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib


Yeni Klinikada “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə təşkil edilən konfransın əsas məqsədi piylənmənin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində müasir tibbi yanaşmaları işıqlandırmaqla yanaşı, bu istiqamətdə yerli və beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsinə şərait yaratmaqdır.

“Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsinin tərkib hissəsi olaraq həyata keçirilib və ictimaiyyətdə piylənmənin yaratdığı sağlamlıq riskləri barədə məlumatlılığın artırılmasını, eləcə də sağlam həyat tərzinin təbliğini hədəfləyir.

Konfransın açılışını “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva edib. Azərbaycan səhiyyəsinin inkişaf etdiyini vurğulayan natiq bildirib ki, qurum müxtəlif təşkilatlarla kordinasiya şəraitində 2017-ci ildən tədbirlər həyata keçirir: “Cəmiyyətə mesaj verən tədbirlər də təşkil edirik. Maarifləndirmə tədbirləri çərçivəsində kitablar çap olunub”.

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov çıxışında bildirib ki, qurum 50-yə yaxın qeyri-hökumət təşkilatı ilə memorandum imzalayıb və il ərzində 120-yə yaxın tədbir keçirilib: “TƏBİB olaraq tibbi əlçatanlıq baxımından yaxşı nəticələr əldə etmişik. Bölgələrdə hər gün 100 minə yaxın müraciət olunur, 400 minə yaxın xidmət göstərilir. Hazırda pilot olaraq Bərdədə ilkin səhiyyə ilə bağlı layihə başlatmışıq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli çıxışında artıq çəki ilə bağlı tibbi maarifləndirmə aksiyaları təşkil edildiyini, bu konfransın sözügedən sahədə cəmiyyətin diqqətini cəlb etmək məqsədilə təşkil olunduğunu bildirib.

Yeni Klinikanın direktoru Barat Yusubov çıxışı zamanı vurğulayıb ki, artıq çəki çox ciddi xroniki xəstəliklərin başlanğıcıdır: “Artıq piylənmə sonsuzluq, hamiləlik patologiyalarından biri kimi göstərilir. Bu sadəcə tibbi problem deyil, ictimai problemdir. Biz də ictimai qurumlar olaraq buna önəm veririk. Bu sahədə bəzi stereotiplərin qırmaq zamanıdır”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, professor, Milli Məclisin deputatı Rəşad Mahmudov “Ateroskleroz və kliniki protokollar; necə etməliyik və nə üçün?” mövzusunda təqdimatla çıxış edib: “Klinik protokolları bilsək də, tətbiq etmək bacarıqlarını əldə etməmişik. Halbuki bu protokollar gündəlik işləri asanlaşdırır. Dünyanın inkişaf etmiş ölkələrində verilmiş qərarlar klinik protokollar üzərindən gedir. Bu məsələnin hüquqi tənzimlənməsi də tam həll olunmayıb”.

Tədbir “Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları”, “Artıq çəki və piylənmə – ürək-damar xəstəliklərinin risk amilləri”, “Piylənmə olan uşaqlarda həkim-xəstə münasibətlərinin etik aspektləri”, Ölkəmizdə aşırı piylənmənin cərrahi müalicəsi və keçdiyi yol” və s. mövzuları ətrafında müzakirələrlə davam edib.

Qeyd edək ki, konfransda Azərbaycanla yanaşı Türkiyədən də tanınmış mütəxəssislər iştirak edib və öz ölkələrində bu sahədə tətbiq olunan qabaqcıl elmi-praktik yanaşmaları təqdim ediblər. Bildirilib ki, bu, iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq və regional əməkdaşlıq imkanlarını genişləndirmək imkanı yaradacaq.

Əlaqəli Xəbərlər