İstanbulda keçirilən VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı başa çatıb.
SIA xəbər verir ki, Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan və bu il ümumilikdə 35 ölkənin iştirak etdiyi festivalda ənənəvi idman növləri və oyunlar, ənənəvi incəsənət, qastronomiya və səhnə sənətləri kimi bir çox mövzu üzrə tədbirlər keçirilib.
Ölkəmiz festivalda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 130 nəfərdən ibarət nümayəndə heyəti, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qurulan Azərbaycan çadırı və 20 Qarabağ atı ilə təmsil olunub.
Dörd gün davam edən festivalda Qarabağ atlarının iştirakı ilə ARAF tərəfindən təqdim olunan kompozisiyada qədim Türk adətləri, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.
Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, süvarilik sənəti və milli ruhu əks etdirən Azərbaycan nümayəndə heyətinin təqdimatında möhtəşəm “Zəfər” şou-kompozisiyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə xanım Ərdoğan da izləyiblər.
Festival çərçivəsində Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə qurulan Azərbaycan Milli Çadırı da qonaqlar tərəfindən böyük maraq görüb. Çadırımızda Azərbaycan milli mədəniyyətinin nümunələri, xalçalar, kəlağayılar, rəsmlər, müxtəlif əl işləri, suvenirlərimiz sərgilənib. Azərbaycan əl işi üzrə mütəxəssislər – ağacoyma ustası Nahid Vahabov və xalça toxuculuğu üzrə mütəxəssis Fəxriyyə Hacıyeva tərəfindən ustad dərsləri keçirilib.
Bundan başqa, çadırda Azərbaycan muğam üçlüyü milli musiqimizi ifa edib.
Hər gün mindən artıq insanın ziyarət etdiyi Azərbaycan çadırında insanların ən çox marağını çəkən atributlarımızıdan biri də milli geyimlərimiz olub. Xüsusilə uşaqlar milli geyimlərimizi geyinərək şəkil çəkdirmək üçün böyük həvəs göstəriblər.
Festivalın bədii hissəsində təşkil olunan konsert proqramları çərçivəsində isə milli rəqslərimiz ifa edilib. Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur – Azərbaycan Xalq Rəqs Ansamblı”nın ifasında nümayiş edilən rəqslərimiz böyük maraqla qarşılanıb.
Hər il milyonlarla insanın ziyarət etdiyi festival Azərbaycan nümayəndə heyətinin növbəti çıxışı ilə başa çatıb.