“Qadınlar, kimlik və stereotiplər: Din və mədəni önyarğıların kəsişməsində naviqasiya” – panel sessiya
“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində “Qadınlar, kimlik və stereotiplər: Din və mədəni önyarğıların kəsişməsində naviqasiya” adlı panel müzakirələri olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Doha Dinlərarası Dialoq üzrə Beynəlxalq Mərkəzinin İdarə Heyətinin sədr müavini Aişə Yusif Əl-Mannainin moderatorluğu ilə keçirilən sessiyada qərəzli təsəvvürlərin necə yarandığı, davam etdiyi və ən əsası, necə dəyişdirilə biləcəyi barədə fikir mübadiləsi aparılıb.
Belçika Müsəlmanlar Şurasının prezidenti Esma Uçanın sözlərinə görə, dinlərarası dialoq simvolik xarakter daşımamalıdır. Qadınlar bu prosesdə xüsusi rol oynamalıdır. O bildirib ki, Avropada bir sıra qadınlar ciddi problemlərlə üzləşirlər və bu reallıqdan qaçmaq mümkün deyil. Müsəlman qadın deyildikdə ya qurban, ya da radikal obrazı göz önünə gəlir. Onlar geri qalmış kimi təqdim olunurlar. Baş örtüyünə görə müsəlman qadınlar ayrı-seçkilik və qısnama ilə üzləşirlər. Müsəlman qadınlar cəmiyyətdən təcrid olunurlar ki, bu da bir növ çarəsizliyi əks etdirir.
Milli Məclisin deputatı Gülşən Paşayeva qeyd edib ki, qadınlar, xüsusilə hicab geyinən xanımlar, hansı dinə mənsub olduqlarını gizlədə bilmirlər. Baş örtüyü bir simvoldur.
Deputat bildirib ki, islamofobiya fonunda Qərb cəmiyyətlərində baş örtüyünə qorxuducu bir element kimi baxılması geniş yayılmış yanlış təsəvvürdür. Elə bir mif formalaşıb ki, guya bütün müsəlman qadınlar səssizdir. Halbuki müsəlman xanımlar öz hüquqları uğrunda fəal mübarizə aparır və cəmiyyətin inkişafına mühüm töhfələr verirlər.
Gülşən Paşayeva vurğulayıb ki, siyasi gündəlik getdikcə daha da mürəkkəbləşir, media isə müsəlman qadınlarla bağlı mənfi stereotiplər formalaşdırır. Nəticədə, bu xanımlar müxtəlif formalarda ayrı-seçkiliyə məruz qalırlar – istər iş yerlərində, istərsə də təhsil müəssisələrində. Onlar karyeralarında bu çətinliklərlə üz-üzə qalır, geyimlərinə görə qınanırlar və bu hallar onların sosial təcridinə səbəb olur. Bəzən özlərini cəmiyyətə aid hiss etmədiklərini düşünürlər ki, bu da onlarda uzaqlaşma hissini daha da dərinləşdirir.
Hassan II Universitetinin professoru, BMT-nin Terrorizm və Ekstremizm üzrə eksperti Bahicə Camal isə dini maarifləndirmənin son dərəcə vacib olduğunu deyib. Diqqətə çatdırıb ki, əgər bu istiqamətdə fəaliyyət göstərilməzsə, hər hansı bir nəticə əldə etmək mümkünsüzdür. İman ilə ekstremizm arasında fərq açıq şəkildə izah edilməlidir. Bir şəxsin imanlı olması, onun ekstremist olması anlamına gəlmir.
Professor Bahicə Camal əlavə edib ki, müsəlman qadınların səsləri mediada kifayət qədər eşidilmir, onların obyektiv və ədalətli şəkildə təmsil olunması hələ də ciddi problemlərdən biridir. “Bu gün müsəlman qadınlara imkan yaradılmalıdır ki, özlərini ifadə etsinlər. Təəssüf ki, mediada müsəlman qadınlara qeyri-obyektiv yanaşma davam edir”, – deyə o bildirib.
Fransalı jurnalist və sənədli film rejissoru Naima Lefkir-Laffitte çıxışında bildirib ki, İslam dininə qarşı yönəlmiş qərəzli yanaşmalar uzun illərdir formalaşıb və bu, xüsusilə media vasitəsilə sistemli şəkildə dərinləşdirilir. O qeyd edib ki, jurnalistikanın etik prinsipləri pozularaq, müsəlmanlara qarşı açıq şəkildə ayrı-seçkilik və islamofob ritorika yayılır.
Yunanıstan Müsəlmanlar Assosiasiyasının Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anna Stamou isə islamofobiyanın bir zəhər olduğunu söyləyib. Bildirib ki, islamofobiya strateji bir prosesdir. Uzun illər ərzində planlaşdırılmış şəkildə və müxtəlif üsullarla həyata keçirilir.
“Artıq islamofobiyaya qarşı konkret strategiyalar formalaşdırmalı və tədbirlər görməliyik. Müsəlmanlara qarşı təhqir və ayrı-seçkilik məqsədilə kifayət qədər vəsait xərclənir. İslamofobiya ilə bağlı sadəcə təriflər vermək kifayət deyil. Bu, real və neqativ bir fenomendir və ona qarşı əməli tədbirlər görülməlidir”, – deyə Anna Stamou qeyd edib.
Onun sözlərinə görə, xüsusilə gənclərə yönəlik təqaüd proqramlarının həyata keçirilməsi və onların potensialına investisiya qoyulması vacibdir.
Panel sessiyası mövzu ətrafında müzakirələrlə davam etdirilib.