“Bundan sonra çalışıb həyatlarında səhvlərə yol verməsinlər”


“Prezident İlham Əliyev ilk dəfə deyil ki, əfv sərəncamı imzalayır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, ümumiyyətlə, Azərbaycan dövləti və onun rəhbəri humanizm prinsiplərini həmişə rəhbər tutub: “Mümkün olduqca insanların əfv edilməsi, bağışlanması, ümumiyyətlə, onlara münasibətdə yetərincə insanca davranmaq üçün Prezident İlham Əliyev bütün mümkün vasitələrdən istifadə edir. Bu əfv sərəncamları, bu vaxta qədər olanlar, bundan sonra olacaqlar da, onunla bağlıdır ki, Azərbaycan dövlətinin məqsədi insanları həbsxanalarda uzun müddət tutub həyatlarını qaraltmaq deyil. Əksinə kimsə səhv edəndə, bilərək, bilməyərək hansısa yanlışa yol verəndə onu islah etməkdir. Elə adamlar da var ki, qısa müddətə islah olurlar. Artıq onların həbsxanada saxlanılması doğru olmaz. Ona görə də, dövlət humanizm sərgiləyərək həmin adamları vaxtından əvvəl həbsxanadan buraxır. Yaxud da, cəza müddətlərini, cəzanın ağırlığını azaldır. Bu, bizim dövlətimizin humanizmindən irəli gəlir. Təbii ki, dövlət rəhbəri olaraq Prezident İlham Əliyevin şəxsən özünün də humanizmindən irəli gəlir. Əfvə düşənləri təbrik edirik. Arzu edirik ki, onlar cəmiyyətə normal insanlar kimi inteqrasiya olunsunlar. Bundan sonra çalışıb həyatlarında səhvlərə yol verməsinlər. Yəni, elə etmək lazımdır ki, heç kimin qanı qaralmasın. O cümlədən də, həbsxanalarda qalan, cəza çəkən insanlar bu və ya digər şəkildə həm özlərinə, həm də əzizlərinə acı günlər yaşatmasınlar”.

Əlaqəli Xəbərlər