İran-Azərbaycan münasibətlərinin fonunda HAYLARIN BƏDBİNLİYİ


Ermənistan tərəfi, hansı rakursdan baxılsa, çox imkanları əldən verib və hazırda hər istiqamətdə məğlub duruma görə aciz vəziyyətdədir. Hətta ölkəmizin uğurlarına görə də hayların qısqanclıqla yanaşdıqları göz önündədir. Hər halda, davamlı şəkildə uğursuzluqla qarşılaşan bir toplumun qonşularının uğurlarından qıcıqlanması məhz açıq şəkildə etiraf da edilirsə, deməli, qeyd olunan acizlik də, qısqanclıq hissi keçirmələri də təkzibedilməzdir. Məsələ burasındadır ki, haylar öz vəziyyətlərinin getdikcə pisləşdiyini və bütün müstəvilərdə məğlub duruma düşdüklərini gördükcə, daha da bədbin olurlar və bu bədbinlik hər mənada özünü göstərir.

Hayların təlaşı və İranın dəstəyindən məhrum olmaq qorxusu

İran İslam Respublikasının rəhbərinin və digər iştirakçıların “Araz-2025” birgə təlimlərində iştirak etmək üçün Azərbaycana gəlmələri də hayların kürkünə birə salıb. Xüsusən də həmin təlimlərin məhz işğaldan azad olunan ərazilərdə, Qarabağ ərazilərində keçirildiyini eşidən ermənilər yuxularını da qarışdırıblar. Yuxularını qaçıran haylar belə hesab edirlər ki, bu birgə təlimlər İran prezidenti Məsud Pezeşkiyanın Bakıya son rəsmi səfərinin nəticəsidir. Daha dəqiq desək, İran prezidentinin Azərbaycana rəsmi səfərindən, daha da yaxşılaşmaqda olan İran-Azərbaycan münasibətlərindən bərk narahat olduqlarını erməniləri qətiyyən gizlətmirlər, əksinə, iki qonşu ölkənin münasibətlərinin beləcə yaxşılaşmasından və daha da yaxınlaşmasından heç də razı olmadıqlarını, qorxuya belə düşdüklərini açıq şəkildə etiraf da edirlər.

Ermənistana məxsus mətbuat səhifələri yazırlar ki, Bakıya İranın 120 nəfərdən ibarət nümayəndə heyəti gəlib və bu yazılardan belə görünür ki, statistik rəqəmlər belə hayları bərk qorxuya salıb. İran prezidentini müşayiət edən iqtisadi nümayəndə heyətinə özəl sektorun nümayəndələrinin, İran-Azərbaycan parlament dostluq qrupunun üzvlərinin, həmçinin İranın dörd şimal-qərb əyalətinin valilərinin daxil olması barədə də təəssüf hissi ilə qeyd edən erməni mətbuatı “bərk qəzəblənmiş” olduğunu da gizlətmir. Hətta qeyd olunur ki, İranın və Azərbaycanın növbəti beş il ərzində ikitərəfli ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmaq barədə Bakıda elan olunması, hər iki ölkənin qarşılarına belə bir məqsəd qoyması haylar üçün heç də arzuolunan deyil. Əslində, həqiqətən də bu, haylar üçün arzuolunan sayıla bilməz, çünki onlar daim İran tərəfindən özlərinə bir dəstək gözləyiblər və indi bu dəstəkdən də məhrum olmaq qorxusu yaşamaları başadüşüləndir.

Azərbaycanın regional və qlobal müstəvidə uğurlarını həzm edə bilməyən haylar bədbin görünürlər

“Biz qəti şəkildə inanırıq ki, Azərbaycan xalqının hüquqlarına hörmət edilməli və Qarabağ Azərbaycana məxsus olmalıdır. Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir və biz buna hörmətlə yanaşırıq”, deyə İran lideri Pezeşkianın Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı bəyan etdikləri Ermənistan tərəfini, bütövlükdə erməni cəmiyyətini lap böyük bədbinliyə salıb. İndi ermənilər açıq şəkildə bildirirlər ki, rəsmi Tehranın mövqeyində çox “nəhəng” transformasiya baş verib. Məsələ burasındadır ki, haylar hələ də başa düşə bilmirlər ki, İranın məhz Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmağa maraqlı olması günün tələbidir və hər bir dövlər, xüsusən də qonşu ölkə rəzalət və səfalət içərisində boğulan yox, inkişaf edən, dinamik inkişafı təkzib edilə bilməyən qonşusu ilə əlaqələri yaxşılaşdırmaqda maraqlı olmalıdır və olur da.

Görünən odur ki, Ermənistan rəhbərliyi, hansı istiqamətdən, hansı mənadan yanaşılsa belə, bütün imkanlarını artıq əldən verib və bunu erməni cəmiyyəti artıq açıq şəkildə etiraf da edir. Etiraf edir ki, haylar bütün bunların, yanlış siyasəti aparmalarının, bütün uğursuzluqlarının nə ilə nəticələndiyini kənardan izləməyə məcbur qalıblar. Hətta ermənilər etiraf da edirlər ki, rəsmi Tehranın mövqeyinə təsir etmək imkanları da yoxdur və tamamilə çarəsiz vəziyyətdədirlər. Onlar məhz Rusiya-Azərbaycan münasibətlərində də eyni vəziyyətlə qarşılaşdıqlarını qəbul edirlər və rusların da məhz ölkəmizlə münasibətlərinin yüksək səviyyədə olduğunu “ürək ağrısı” ilə müşahidə etdiklərini gizlətmirlər. Daha dəqiq desək, bu gün Azərbaycanın regional və qlobal müstəvidə uğurlarını həzm edə bilmədikləri kimi, öz uğursuzluqlarını da görməkdən şad deyillər və bu onlara bədbinlik hissi yaşadır.

Hayların bədbinliklərinin səbəbləri və səhvlərinin məntiqi nəticələri

İşğalçılığı dövlət siyasəti olaraq qəbul edən və nəticədə də hazırki məğlub duruma düşən haylar bəlkə də elə zənn edirdilər ki, İran onlar üçün “qalxan” olacaq və bundan sonra da İrəvan məhz Tehranın kölgəsində özünü hiss edəcək. Bəli, ilk baxışdan belə də görünürdü. Bu vaxta qədər İran tərəfinin Ermənistana hansı şəkildə dəstək ifadə etməsi heç də sirr deyil. Təkcə biz yox, bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Tehran bu vaxta qədər İrəvana dəstək nümayiş etdirib. Məhz 44 günlük müharibənin acı məğlubiyyətindən sonra hayların bir qədər “rahatlaşması” da elə bu səbəbdən idi. Amma belə görünür ki, erməni cəmiyyəti həmin o “rahatlığı” itirib və bədbinliyə də məhz bu səbəbdən düşüb.

Məsələ burasındadır ki, bu nəticə əvvəlcədən də gözlənilən idi. Sadəcə, bu nəticəni dərk etmək üçün görünür hayların dərrakələri kifayət etmirmiş. Hər halda, hər bir erməni bilməli idi ki, əvvəla, İran məhz Ermənistanı sonsuza qədər himayəsi altında saxlaya bilməz və heç saxlamaz da. Xüsusən də, belə bir himayəni göstərən Rusiyaya qarşı ermənilərin xəyanətini müşahidə etdikdən sonra buna heç inanılası da deyil. İranlıların bir qədər əvvəl rusların vəziyyətini “seyr etmələri”, ələlxüsus da, hayların onlara qarşı xəyanətkarcasına davranmaları fonunda hansı şəkildə dəyişkənlik müşahidə etmələri kifaət edir. Yəqin ki, ruslara necə xəyanətkarlıqla cavab verən haylara İran tərəfi “bel bağlaya” bilməzdi və bunu ermənilər zamanında başa düşməli idilər. Əgər başa düşməyiblərsə, bunun özü də elə onların səhvidir.

Digər tərəfdən də, axı İranın bir dövlət olaraq öz maraqlarının olduğu barədə də ermənilər düşünsəydilər, başa düşərdilər ki, gec-tez onlar “oyundankənar” vəziyyətdə qalmaları məntiqi nəticədir. İran ilə Azərbaycan arasında olan münasibətlərin tarixi köklərini də haylar nəzərə almalı idilər. Özlərinin uydurduqları yalançı tarix deyil, tarixi faktlar barədə düşünməli və nəticə çıxarmalı idilər. Nəticə çıxarmalı idilər ki, İranın Azərbaycanla münasibətlərə üstünlük verəcəyi məntiqi sayılır, Ermənistanla yox. Üstəlik, haylar özlərinə belə bir sual verməli idilər ki, İran niyə Ermənistana maraq göstərməlidir? Axı Ermənistanın nəyi var ki, bu da İranı cəlb etsin? Ermənistan elə bir dövlət, elə bir ölkə deyil ki, onun heç olmasa regional müstəvidə nüfuzu olsun və belə bir səfalətin, xüsusən də hayların məğlubiyyətindən sonrakı həmin ölkənin rəzalətinin fonunda hansı maraqdan söhbət gedə bilər?

Təbii ki, İranın məhz Azərbaycana marağı tamamilə məntiqidir. Azərbaycan həm regional, həm də qlobal müstəvidə əvvəla, nüfuz, eləcə də söz sahibidir. Ölkəmizlə, ölkəmizin mövqeyi ilə hesablaşılır. Digər tərəfdən də axı Azərbaycan əgər Avropa üçün belə enerji resursları baxımından çox lazımlı, çox vacib ölkə olaraq qəbul edilirsə, deməli, İran üçün lap əvvəldə belə qəbul olunmaqdadır. Bu gün Azərbaycanın faydalı təbii ehtiyatları bütün dünyanın marağına səbəb olubsa, ölkəmizin dinamik inkişafı, ölkəmizin dünyanın bir çox ölkələri ilə əlaqələrinin daha da artması, getdikcə yüksələn xətt üzrə inkişafı diqqətdən yayınmırsa, İranın diqqətindən necə yayına bilərdi? Bunu, yəni İranın belə məqamları görməyəcəyini, Tehranın bunun fərqində olmayacağını xəyal etmək belə ermənilərin ən böyük səhvlərindən biri olub və bu gün bədbinliklərinin səbəblərindən biri də məhz budur…

Əlaqəli Xəbərlər