Büdcə sənədləşməsində büdcədən verilmiş kreditlər və onlar üzrə daxilolmalar barədə məlumatlar əks etdirilib, Hesablama Palatası büdcə kreditlərinin verilməsi istiqamətində tənzimləyici mexanizmin zəruriliyi qənaətinə gəlib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, 2024-cü ildə dövlət büdcəsindən 1 təşkilata 1 halda olmaqla 2 % ilə 6 illik müddətə 4,1 milyon avro büdcə krediti verilib, büdcə kreditinin məqsədi xarici banklardan cəlb edilmiş kreditlər üzrə 2023-cü ildə tələb olunan ödənişlərin maliyyələşdirilməsi olub.
Əvvəlki illərdə verilmiş kreditlərin əsas borc qalığı hesabat ilində 16 haldan 4-ü (3 təşkilat) üzrə 4,2 milyon manat, 226,7 milyon ABŞ dolları və 67,3 milyon avro azalıb. Bu il yanvarın 1-nə cəmi kreditlərin əsas borc qalığının 61,8 milyon ABŞ dolları və 15,3 milyon avroluq hissəsi xarici banklardan cəlb edilmiş kreditlər üzrə tələb olunan illik ödənişlərin maliyyələşdirilməsi, 90 milyon manatı bir sıra maliyyə qurumları qarşısındakı borcların bağlanması və restrukturizasiyası, 148,8 milyon manat dövlət zəmanətli istiqraz üzrə öhdəliyin həyata keçirilməsi, 4,8 milyon ABŞ dolları isə təşkilatın əvəzinə beynəlxalq təşkilata ödənilmiş vəsaitin bərpası məqsədilə verilmiş kreditlər üzrə qeydə alınıb.
2024-cü ildə kreditin verildiyi müvafiq təşkilata əvvəlki illərdə də eyni məqsəd üçün 36,8 milyon ABŞ dolları və 8,3 milyon avro məbləğində 0-1 %-lə kreditlər verilib, kreditlər 7, 10 və 12 illik müddətləri əhatə edib və onlar üzrə dövlət büdcəsinə heç bir ödəniş həyata keçirilməyib.
2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabata əsasən, hesabat ilində büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 6,4 milyon manat olub. Qeyd edək ki, bu məbləğin strukturu, əsas borc və faiz ödənişlərindən ibarət olması barədə qeydlərə rast gəlinmir. Büdcə sənədləşməsində büdcədən verilən kreditlər və onlar üzrə daxilolmalar yer alsa da, bu kreditlərin verilməsi ilə bağlı konkret mexanizm mövcud deyil. Beynəlxalq təcrübənin bu istiqamətdə təhlili büdcədən verilən kreditlərlə bağlı aydın prosedurların olduğunu göstərir. Bu prosedurlar kreditlərin müddəti, məqsədi, kreditlə əldə edilmiş vəsaitin depozitə yerləşdirilməsi ilə bağlı məhdudiyyətləri və s. amilləri tənzimləyir