Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Kanadaya iki günlük tarixi səfərlərinə başlayıblar. SİA BBC-yə istinadla xəbər verir ki, səfər ABŞ Prezidenti Donald Trampın təhdidlərinə qarşı Kanadaya dəstək mesajı kimi qiymətləndirilir.
Yeni seçkilərdə Trampa qarşı yönəlmiş əhval-ruhiyyə fonunda qalib gələn Baş nazir Mark Karni Kral və Kraliçanı Ottava hava limanında qarşılayıb.
Bu, Kral və Kraliçanın taxta çıxdıqdan sonra Kanadaya ilk səfəridir. Onlar əvvəlcə yerli icma festivalında iştirak edəcək, daha sonra Baş nazir Mark Karni ilə rəsmi görüş keçirəcəklər.
Səfərin əsas məqamı isə çərşənbə axşamı Kanadanın Parlamentində Kralın çıxışı olacaq. Bu, son 50 ildə bir monarxın Kanadada Parlament qarşısında ilk dəfə rəsmi nitq söyləməsi olacaq. Nitqdə Kanadanın suverenliyinin müdafiəsi ilə bağlı fikirlərin səslənəcəyi gözlənilir.