Otun bahalaşması ətin qiymətinə təsir edəcək?


“Ot, heyvandarlıq sektorunda əsas yem bazasını təşkil edir və bu resursun qiymətindəki dəyişikliklər istehsalın iqtisadi səmərəliliyinə birbaşa təsir göstərir. Xüsusilə, Azərbaycanda geniş yayılmış qapalı heyvandarlıq sistemləri çərçivəsində saxlanılan ətlik və südçülük istiqamətli heyvanların yem rasionunun böyük hissəsi yaşıl yemlər, xüsusilə də otla təmin olunur. Lakin azad otlaq sahələrinin məhdudluğu bu sahədə alternativlərin məhdud olmasına və ot məhsullarına olan tələbatın artmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Mövcud iqlim dəyişiklikləri və hava şəraitinin qeyri-sabitliyi səbəbindən biçilmiş ot məhsullarının keyfiyyəti ciddi şəkildə təsirlənə bilər. Xüsusilə, biçin dövründə yağıntının intensiv olması biçilmiş otun fermentasiyasına və qidalılıq dəyərinin azalmasına səbəb olur. Belə şəraitdə istifadəyə yararsız hala düşmüş ot məhsulları bazarda defisit yaradır və bu da qiymətlərin süni şəkildə yüksəlməsi ilə nəticələnir.

Digər mühüm amil kimi, yanacaq və enerji daşıyıcılarının qiymətləri də heyvandarlıq məhsullarının istehsalına təsir edir. Əldə olunan statistik göstəricilərə əsasən, kənd təsərrüfatı məhsullarının, o cümlədən otun istehsalında yanacaq və texniki resursların xüsusi çəkisi 40-60% arasında dəyişir. Dizel yanacağının qiymətindəki artım mexaniki becərmə, ot biçini və nəqliyyat xərclərini artırmaqla maya dəyərinin yüksəlməsinə və son nəticədə ət və süd məhsullarının bazar qiymətlərinin artmasına gətirib çıxarır.

Nəticə etibarilə, ot və enerji resurslarının qiymətindəki dəyişikliklər, heyvandarlıq məhsullarının istehsal səmərəliliyinə və ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən, ot məhsullarının davamlı təminatı və qiymət sabitliyinin qorunması üçün dövlət tərəfindən subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, iqlim risklərinə qarşı sığorta sistemlərinin tətbiqi və alternativ yem bazalarının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər