Bu gün Türkiyə, Pakistan, Azərbaycan arasında birlik, dostluq, qardaşlıq əlaqələrinin inkişafı göz qabağındadır. Milli maraqlara söykənən qarşılıqlı münasibətlərin tarixi də qədimdir, necə deyərlər, zamanın sınaqlarından alnı açıq çıxıb. Bu münasibətlər təkcə iqtisadi, siyasi müstəvidə deyil, bütün mənalarda sağlam düşüncə, sağlam ruh üzərində qurulub. 34 il geri qayıdaq, Azərbaycanın müstəqilliyini elan etməsi Ermənistanın havadarlarının, beynəlxalq güclərin dəstəyi ilə torpaqlarımıza təcavüzü ilə eyni vaxta təsadüf edirdi. Bizə mənəvi, hərbi, iqtisadi, siyasi, psixoloji dəstəyi verən ölkələrin sırası isə çox seyrək idi. Amma Türkiyə və Pakistanın dost, qardaş nəfəsini hər yerdə hiss edirdik. Bu bizə güc verirdi, erməni faşistləri ilə savaşa ruhlandırırdı.
İkinci Qarabağ müharibəsində Türkiyə təmənnasız olaraq Azərbaycanın yanında yer aldığı kimi, Pakistan da Azərbaycana açıq dəstəyini ifadə etdi. Dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. İki ölkə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” kəlamlarında dəqiq ifadə olunub. Azərbaycan və Türkiyə xoş günlərin sevincini bölüşdükləri kimi, çətin günlərdə də daim bir yerdə olublar. Bunu aşağıdakı iki nümunənin timsalında təsdiqləyə bilərik. Qardaş ölkə artıq tarixdə qalan “Dağlıq Qarabağ münaqişəsi”nin davam etdiyi üç onillik ərzində Azərbaycanın yanında olub, qələbəmizin qazanılmasında dəstəyini əsirgəməyib
.
Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmayıb, qardaş köməyini əsirgəməyib. Baş verən dəhşətli zəlzələdə Azərbaycan Türkiyəyə ilk yardım əli uzadan ölkə oldu. Yaralıların müalicəsində, evini itirmiş insanların mənzillə təminatında yaxından iştirak edən ölkəmiz sonuna qədər problemin həllinə çalışdı. Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb.
Onsuz da müttəfiqlər olan iki qardaş ölkə Şuşa Bəyannaməsi ilə bu münasibətləri bir daha rəsmiləşdirdilər. Azərbaycanla Türkiyə arasında 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, milli maraq və mənafelərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Müşahidə edilən odur ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında bildirdiyi kimi, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Məhəmməd Şahbaz Şərif isə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən bəhs edərkən “Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub” deyib.
Üçtərəfli əməkdaşlıq
Ortaq maraqlara, təşəbbüslərə söykənən Türkiyə-Pakistan-Azərbaycan münasibətləri 2020-ci ildən etibarən yeni mərhələyə qədəm qoyub. Bu əməkdaşlıq siyasi və hərbi sahələrlə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə də özünü göstərməkdədir. Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir, Orta Dəhlizin təşəbbüskarı, qlobal Şərq-Qərb nəqliyyat və enerji damarını hərəkətə gətirən, ona impuls verən sinir sistemidir. Azərbaycanın coğrafi mövqeyi ona uğurların əldə edilməsində böyük dəstək verir, amma ölkə rəhbərimizin prinsipiallığı, kəskin iradə nümayişi, etibarlılıq və etimada söykənən əlaqələrin qurulmasındakı təşəbbüsləri qlobal layihələrdə legitimliyimizi təmin edilməsində başlıca rol oynayır.
Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısıdır, öz enerji resurslarını Türkiyə vasitəsilə Avropaya tədarük edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr bu əməkdaşlığın əsasını təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. Hər gün genişlənən enerji əlaqələri Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə – İğdır-Naxçıvan qaz kəmərinin reallaşması ilə yekunlaşıb. Bununla da blokada şəraitində yaşayan Naxçıvanın enerji təhlükəsizliyini təmin etmək mümkün olacaq.
Azərbaycan və Pakistan arasındakı münasibətlər diplomatik əlaqələrlə yanaşı, çoxəsrlik qardaşlıq bağları ilə formalaşıb. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ilk ölkələrdəndir, Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran tərəfdaşımızdır. 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olmaqla, siyasi dəstək verməklə dünyaya bir ədalət dərsi keçdi, beynəlxalq münasibətlər sisteminin iflasa uğradığını, amma haqqın hələ də üzülmədiyini öz əməli addımları ilə nümayiş etdirdi. Bu, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edib: “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. … Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.
Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq son zamanlar genişlənməkdə, yeni rəng çalarları ilə digər dost ölkələri də bu birliyə inteqrasiya etməyə çağıran amildir. Azərbaycan və Pakistanın zəngin mədəniyyəti xalqlarımız arasından birliyi daha da möhkəmləndirir. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır.
Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq yeni keyfiyyət mərhələsinə qədəm qoyub, intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Üç ölkə liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini bir daha təsdiqləyir.
V.VƏLİYEV