Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkəmizin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. SİA xəbər verir ki, qəbulda İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş direktorluğunun rəisi Luis Fonseka Sançez, nazirliyin digər yüksək vəzifəli diplomatları, habelə müxtəlif dövlət qurumlarının struktur vahidlərinin rəhbərləri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, eləcə də bir sıra beyin mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, işgüzar dairələrin təmsilçiləri, QHT-lər və mötəbər media nümayəndələri, o cümlədən yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Səfir Ramiz Həsənov 107 illiyi qeyd edilən Azərbaycan Demokratik Respublikasının yaranmasından və keçdiyi yoldan danışıb, müsəlman dünyasında ilk demokratik ölkə olan ADR-in tarixi əhəmiyyətindən söz açıb. O, Azərbaycanın Şərqin ilk dünyəvi və parlamentli respublikası kimi o dövr üçün mütərəqqi dövlət institutları – çoxpartiyalı sistem və plüralist parlament təsis etməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Azərbaycanın bu gün regionun lider ölkəsi olmasının, siyasi, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlərə imza atmasının əhəmiyyətinə toxunan səfir, ölkəmizin bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, humanitar məsələlərdən enerji və nəqliyyata, geosiyasətdən təhlükəsizlik və mədəniyyətlərarası dialoqa qədər müxtəlif sahələrdə əməkdaşlıq platforması kimi çıxış etməsindən danışıb.
Daha sonra, İspaniya Krallığının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu vurğulayan Ramiz Həsənov ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə intensivləşməsinin, habelə qarşılıqlı yüksək səviyyəli səfərlərin çoxalmasının Azərbaycan – İspaniya münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. Bu xüsusda, İspaniya Prezidentinin COP29 çərçivəsində Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə baş tutmuş görüşü, İspaniyanın Ticarət üzrə Dövlət katibinin Azərbaycana səfəri zamanı hər iki ölkənin şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi, habelə hökumətlərarası komissiyanın yaradılmasına dair razılığın əldə olunması barəsində tədbir iştiraklarına məlumat verilib. Eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın ötən günlərdə İspaniyaya rəsmi səfəri çərçivəsində yüksək səviyyəli görüşlər keçirilməsinin parlamentlərarası əməkdaşlıqda mühüm mərhələ olması, davamlı dialoq üçün möhkəm təməl yaratması qeyd edilib.
Tədbirdə İspaniya tərəfindən əsas qonaq qismində çıxış edən Luis Fonseka Sançez ilk növbədə Azərbaycan hökuməti və xalqına xoş, səmimi təbriklərini çatdırıb və son illərdə ikitərəfli münasibətlərimizin inkişafında əldə olunan nailiyyətlərə toxunub. İspan diplomat ölkəsinin Azərbaycana həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq dəstəyini davam etdirdiyini vurğulayıb. XİN nümayəndəsi Azərbaycanı Avropa və Asiyanın kəsişməsində yerləşən güclü və sürətlə inkişaf edən ölkə kimi xarakterizə edib, ölkəmizi Avropa enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verən tərəfdaş olaraq Azərbaycanın tranzit imkanlarından söz açıb. Diplomat COP29 tədbirində ev sahibliyi xüsusunda ölkəmizin vacib nəticələrin əldə olunmasındakı rolunu, habelə bərpaolunan və “yaşıl enerji” əsasında irəli sürdüyü strategiyasını təqdirəlayiq adlandırıb.
Tədbirin mədəni proqramı çərçivəsində Madridin Kreativ Ali Musiqi Məktəbinin nəzdində fəaliyyət göstərən xor kollektivi “Qarabağ” mahnısını ifa edib. Azərbaycan musiqi incisinin ispan sənətçilərin təqdimatında ilk dəfə səsləndirilməsi tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Daha sonra tədbirin qonaqları milli mətbəximizin ən ləziz təamlarından dadıb, ölkəmizin mədəniyyətini və turizmini təbliğ edən broşürlərlə tanış olublar. Tədbir boyunca Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi haqqında videoçarxlar nümayiş olunub.