Almatıda Oljas Süleymenovun XX əsrin intellektual tarixində əlamətdar əsər olan “Az və Ya” kitabının nəşrinin 50 illiyinə həsr olunmuş “Türk slavyanşünaslığının doğuşu” adlı VII Beynəlxalq konfrans keçirilib. SİA Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Çin, İsrail, ABŞ və Tacikistandan iyirmidən çox tanınmış alim, yazıçı, filoloq və mədəniyyət xadimi iştirak edib.
Çıxış edənlər arasında Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, şair, Nobel mükafatı namizədi Teymur Zülfüqarov, “Az və Ya” simfonik-konsertinin müəllifi, bəstəkar İqor Matsiyevski, digər görkəmli elm və mədəniyyət xadimləri olublar.
Natiqlər qeyd ediblər ki, ilk dəfə 1975-ci ildə işıq üzü görən “Az və Ya” kitabı XX əsrin cəsarətli elmi-poetik eksperimentinə çevrilib.
“Az və Ya” mənim əsrlərin sükutu ilə dialoqum, mənalar toxumasında əcdadların qoyub getdiyi əlamətləri oxumaq cəhdidir”, – deyə müəllif Oljas Süleymenov özü yekun nitqində kitabın tarixi əhəmiyyətini vurğulayıb.
Konfransın sonunda türk slavyanşünaslığının inkişafı ilə bağlı xüsusi qətnamə qəbul edilib və xatirə şəkli çəkdirilib.