Azərbaycanın Müstəqillik Günü Ər-Riyadda da qeyd edilib


Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, paytaxt Ər-Riyadda keçirilən rəsmi qəbulda fəxri qonaq qismində Ər-Riyad Əmirliyinin katibi şahzadə Feysəl bin Əbdüləziz bin Ayyaf iştirak edib.

Qəbulda həmçinin Səudiyyə Ərəbistanının dövlət və hökumət qurumlarının nümayəndələri, XİN-in yüksək vəzifəli şəxsləri, nazir müavinləri, işgüzar dairələrin təmsilçiləri, akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Daha sonra Azərbaycan səfiri Şahin Abdullayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında və onun müəllifi olduğu neft strategiyası sayəsində ölkəmizin əldə etdiyi uğurlardan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq zəfərdən və 2023-cü ilin sentyabr ayında həyata keçirilən məhdud antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından danışıb. Eyni zamanda, Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) ev sahibliyi ilə əlaqədar görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verilib.

Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinə toxunan Ş.Abdullayev iki qardaş ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, başda yaşıl enerji, investisiya və turizm sahələri olmaqla əməkdaşlığın bütün müstəvilərdə uğurla inkişaf etdiyini, son illərdə qarşılıqlı səfərlərin artdığını vurğulayıb. Bu kontekstdə iki ölkənin XİN-ləri arasında 2024-cü ilin dekabr ayında keçirilmiş siyasi məsləhətləşmələrin növbəti mərhələsi, 2025-ci ilin fevral ayında xarici işlər naziri C.Bayramovun Səudiyyə Ərəbistanına rəsmi səfəri və cari ilin aprel ayında Ər-Riyadda keçirilən hökumətlərarası müştərək komissiyanın 8-ci iclası barədə danışılıb.

Tədbir bədii hissə ilə davam edib. Əməkdar artist Nərgiz Əliyevanın rəhbərliyi altında Azərbaycan incəsənət xadimlərinin ifa etdiyi musiqi və rəqs nömrələri qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Rəsmi qəbul şam ziyafəti ilə başa çatıb.

Qeyd edək ki, Bəhreynin ingilisdilli ”The Daily Tribune News of Bahrain” qəzetində səfir Ş.Abdullayevin “Azərbaycan Respublikasının Müstəqillik Günü: azadlıq, möhkəmlik və tərəqqinin 107 illiyi” (Independence Day of the Republic of Azerbaijan: Commemorating 107 Years of Freedom, Resilience and Progress) sərlövhəli müəllif məqaləsi dərc olunub.

Əlaqəli Xəbərlər