Azərbaycanın Müstəqillik Günü Polşada qeyd olunub


Polşadakı səfirliyimizin təşəbbüsü ilə Polşanın Müstəqillik Muzeyində Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, muzeyin direktor müavini Bartolomey Klusek tədbir iştirakçılarını salamlayaraq belə əlamətdar tarixin Müstəqillik Muzeyində qeyd olunmasından məmnunluğunu ifadə edib və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından, gənc dövlətin keçdiyi inkişaf yolundan bəhs edib. Səfir Azərbaycanın polyakəsilli görkəmli dövlət xadimlərini və memarlarını xatırlayaraq, bolşeviklərin Azərbaycanın işğalına qarşı mübarizədə həyatlarını qurban vermiş polşalı zabitlərə ehtiramını bildirib. Qısa müddətdə süqut etməsinə baxmayaraq, AXC-nin idealları və dəyərlərinin azərbaycanlıların sonrakı nəsillərinin şüurunda və qəlbində yaşadığını vurğulayıb. Həmçinin Azərbaycan-Polşa əlaqələrinə toxunan səfir N.Qurbanova xalqlarımızı strateji tərəfdaşlığa, qarşılıqlı hörmətə və dərin tarixi bağlara əsaslanan ümumi baxışın birləşdirdiyini əlavə edib.

Sonra Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Şəhla Kazımova “Azərbaycan Xalq Cümhuriyyəti və Polşa: XX əsrin əvvəlində müstəqillik yolunda əməkdaşlığın başlanğıcı” və Muzeyin Kolleksiyalar şöbəsinin əməkdaşı Marta Brodala “Azərbaycan və Polşa XX əsrin əvvəllərində. Müstəqillik Muzeyinin kolleksiyasından” mövzusunda təqdimatla çıxış ediblər.

Ş.Kazımova iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verərək 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Cümhuriyyətin qısa ömür sürməsinə baxmayaraq ciddi tədbirlər həyata keçirdiyini qeyd edib. Eyni zamanda, polyakların AXC-nin formalaşması prosesində yaxından iştirak etdiyini qonaqların diqqətinə çatdırıb. O, polyakların yeni yaradılmış dövlətin strukturlarında müxtəlif vəzifələr tutduğunu, onların Azərbaycan şəhərlərinin, sənayesinin inkişafına töhfə verdiyini vurğulayıb. Ş.Kazımova Cümhuriyyətin süqutundan sonra bir çox azərbaycanlı siyasi mühacirlərin Polşada sığınacaq tapdığını əlavə edib.

Muzeyin əməkdaşı M.Brodala Müstəqillik Muzeyinin kolleksiyasında saxlanılan, ölkəmizə aid eksponatlar, o cümlədən Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətində təmsil olunmuş Vitold Marçevskinin Azərbaycanda lentə aldığı fotolar barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə arxiv materialları əsasında hazırlanmış AXC-nin yaradılmasına həsr edilmiş sənədli film nümayiş olunub və “Azərbaycanda Polşa mirasının inciləri” adlı sərgi təşkil edilib.

Sonda qonaqlara Azərbaycan milli mətbəxindən ləziz təamlar təqdim olunub.

Əlaqəli Xəbərlər