Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub. SİA xəbər verir ki, müharibə şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına riayət olunmaqla Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk, Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko, deputatlar, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, universitet rektorları, diaspor fəalları və soydaşlarımız iştirak ediblər.
Qəbul Azərbaycanın və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 107-ci il əvvəl, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbulu ilə bütün müsəlman Şərqində ilk parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) əsası qoyulub. ADR azadlıq, bərabərlik və milli öz müqəddəratını təyinetmə prinsipləri üzərində qurulub. Bu, təkcə xalqımızın dövlətçilik hüququnun cəsarətli təsdiqi deyil, həm də Şərqdə demokratik idarəçiliyin qabaqcıl nümunəsi idi. 1920-ci ilin aprelində bolşevik istilası nəticəsində ADR qısa ömür sürsə də, 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən və özünü qürurla Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdikdən sonra bu müstəqil millilik təcrübəsi milli kimliyin mühüm tərkib hissəsinə çevrilib.
Səfir qeyd edib ki, 107 il sonra, bu gün Azərbaycan müstəqil, suveren və demokratik ölkə kimi Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında özünün səmərəli idarəçiliyi, sosial-iqtisadi və insan kapitalının inkişafı, beynəlxalq aləmdə artan rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin arzu və ideallarını gerçəkləşdirir. Azərbaycan uzun tarixinin ən şərəfli və uğurlu dövrünü yaşayır və heç vaxt indiki qədər güclü olmamışdır.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Ukrayna Ali Radası adından təbriklərini çatdıran spikerin müavini Olena Kondratyuk isə çıxışında bildirib ki, bu xüsusi bir bayramdır.
“Ukrayna və Azərbaycan strateji tərəfdaşdırlar. Üstəlik, biz tarixin, ortaq çağırışların və qarşılıqlı dəstəyin birləşdirdiyi dostuq. Biz Azərbaycana göstərdiyi humanitar yardıma, enerji sektorumuza verdiyi dəstəyə, dağılmış infrastrukturun bərpasına görə minnətdarıq. Qoy bu Müstəqillik Günü ümid, güc və birlik bayramı olsun! Ukrayna Parlamenti adından Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram!”, – deyə Olena Kondratyuk əlavə edib.
Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko isə bu ölkənin Xarici İşlər Nazirliyi adından Azərbaycan dövlətinə təbriklərini çatdırıb.
“Böyük məmnunluq hissi ilə strateji tərəfdaşımız olan, Azərbaycanın Müstəqillik Gününü təbrik edirəm. 2022-ci ilin fevral ayından Azərbaycanın göstərdiyi humanitar yardımın dəyəri 41 milyon dollardan çox olub”, – deyə XİN müavini bildirib.
Oleksandr Mişenko, həmçinin qeyd edib ki, Ukrayna və Azərbaycanın ikitərəfli münasibətlərində diaspor mühüm yer tutur.
Daha sonra ölkəmizin füsunkar təbiətini, mədəniyyətini və incəsənətini təcəssüm etdirən videoçarx nümayiş olunub.
Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların təqdimatı tədbir iştirakçılarında böyük maraq doğurub.
Sonda tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilib.