Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların növbəti raundunun vaxtı çox yaxın vaxtlarda açıqlanacaq. SİA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrin XIII Beynəlxalq görüşündə çıxışı zamanı deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, münaqişənin ən mühüm səbəbi Ukraynanı NATO-ya cəlb etmək istəyi olaraq qalır. Onun sözlərinə görə, 1991-ci ildə Ukraynanın neytral, bloklara qoşulmayan və nüvə silahı olmayan statusu onun müstəqilliyi haqqında Bəyannamədə elan edilib. Rusiyalı nazir xatırladıb ki, Moskva Ukraynanın rus dilindən istifadəni məhdudlaşdıran qanunlarının ləğvində israrlıdır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında danışıqların əvvəlki raundu İstanbuldakı Dolmabahçe sarayında baş tutub. Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfinə isə müdafiə naziri Rustem Umerov rəhbərlik ediblər.