Əlcəzairdə Müstəqillik Günü qeyd olunub


Azərbaycanın Əlcəzairdəki səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil edib. SİA xəbər verir ki, tədbirdə Əlcəzair Xalq Demokratik Respublikasının (ƏXDR) dövlət və hökumət nümayəndələri, Əlcəzair Parlamentinin və Senatının üzvləri, dövlət qurumlarının nümayəndələri, iş adamları, Əlcəzair Xarici İşlər Nazirliyinin əməkdaşları, tanınmış siyasi və ictimai xadimlər, akkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Əlcəzairdə yaşayan həmvətənlərimiz və aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə Əlcəzair hökumətini Dövlət naziri, ƏXDR-in energetika və mədənlər naziri Məhəmməd Ərkab təmsil edib.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra səfir Tural Rzayev çıxış edərək 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində yaradılmış ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söhbət açıb.

Səfir, həmçinin Azərbaycanın 1991-ci ildə yenidən müstəqilliyini bərpa etməsindən sonra əldə olunmuş uğurlar, dövlət quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib.

Eyni zamanda, ölkəmizdə son illərdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, siyasi, iqtisadi, mədəni, turizm sahələrində müşahidə olunan sürətli inkişaf, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı qələbə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Səfir Azərbaycan ilə Əlcəzair arasında ötən il diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan ilə Əlcəzair arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri uğurla inkişaf edir, dövlət rəsmiləri və işgüzar dairələrin nümayəndələri qarşılıqlı səfərlər həyata keçirirlər. Eyni zamanda, səfir T.Rzayev iki ölkə arasında iqtisadi dinamikanın artdığını qeyd edərək, 2024-cü ildə ticarət həcminin 245 milyona çatdığını bildirib.

Tədbirdə qonaqlara Azərbaycan haqqında sənədli videoçarx nümayiş olunub. Həmçinin ölkəmizin mədəniyyəti, turizm imkanları ilə bağlı kitab, buklet və broşürlər sərgilənib.

Tədbir və Müstəqillik günü ilə bağlı xəbər və məqalələr Əlcəzairin nüfuzlu “echoroukonline.com”, “elmindharnews.dz”, “alharir.info”, “El Fanek El Arabi” xəbər portalları və “El Hayat” qəzetində yayımlanıb.

Əlaqəli Xəbərlər