“Uşaq və yeniyetmələrdə piylənmə müasir cəmiyyətimizin ən ciddi və qlobal problemlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-dietoloq Ləman Süleymanova deyib.
Onun sözlərinə görə, təəssüf ki, statistik göstəricilərə əsasən, son illərlə — xüsusən 2018–2019-cu illərlə — müqayisədə bu gün uşaqlarda çəki artımı daha geniş yayılıb: “Bu problemdə ilk məsuliyyət daşıyan şəxs, şübhəsiz ki, anadır. Uşaq hələ ana bətnində olarkən, ana düzgün və sağlam qidalanmalıdır. Təəssüf ki, hamilə qadınlar arasında belə bir yanlış fikir formalaşıb ki, çox yemək uşağın sağlam olmasını təmin edir. Halbuki bu, səhv yanaşmadır. Həddindən artıq və nizamsız qidalanma, boş karbohidrat və vitaminlərlə qidalanmaq əksinə olaraq həm ananın, həm də dölün immun sistemini zəiflədir, artıq çəkiyə və digər sağlamlıq problemlərinə səbəb olur.
Hamilə qadın düzgün qidalanarsa, bu, təkcə hamiləlik dövründə deyil, həm də doğuşdan sonrakı — laktasiya dövründə uşağın sağlam qidalanmasına birbaşa təsir edir. Əlbəttə, piylənməyə genetik amillər də təsir edə bilər, lakin ən vacib amil düzgün qidalanmadır. Ana südü uşağın sağlam inkişafı üçün əvəzsizdir və bunun üçün ana mütləq balanslı və düzgün bəslənməlidir.
Uşaq artıq 1–2 yaşına çatdıqda valideynlərin yanaşması daha da əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzən müşahidə edirik ki, ailələr kafe və restoranlarda uşaqlara böyüklərlə eyni porsiyada yeməklər verir. Halbuki uşağın daxili orqanları və qida tələbatı böyüklərdən tamamilə fərqlidir. Uşağın çox və nizamsız qidalanması gələcəkdə piylənmə riskini artırır.
Ən böyük təhlükə odur ki, uşaqlar hələ kiçik yaşlarından düzgün olmayan — genetik modifikasiya olunmuş, zərərli qatqı maddələri və rəngləndiricilərlə dolu — “narkotik tərkibli” qidalara və içkilərə alışdırılır. Bu cür vərdişlər ömür boyu davam edə bilər. Statistika göstərir ki, uşaqlarda piylənmənin 99%-i məhz düzgün bəslənməmək və bu tip qidaların həddindən artıq qəbulu ilə bağlıdır.
Uşaqların öz yaşlarına uyğun mətbəxi, qab-qacağı və qida ölçüləri olmalıdır. Məktəblərdə isə bu məsələ ciddi nəzarətdə saxlanmalıdır. Məktəb həkimləri artıq çəkili uşaqları izləməli, erkən mərhələdə valideynləri maarifləndirməli və müvafiq mütəxəssislərə yönləndirməlidirlər. Təəssüf ki, bu gün sahə həkimləri və pediatrlar məktəblərdə bu məsələyə yetərincə diqqət yetirmirlər. Uşaqların vaxtında yönləndirilməməsi piylənmənin yayılmasında mühüm amillərdən biridir”.
Müəllif: Günel Fərzəliyeva