Ədliyyə naziri Fərid Əhmədov Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Daşkənd Hüquq Baharı” adlı IV Beynəlxalq Hüquq Forumunda iştirak edir. SİA xəbər verir ki, Fərid Əhmədov Forumun əsas plenar iclasında hüquqi təhsil və onun inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu barədə çıxış edib.
Bu sahədə müasir çağırışlar və yeni trendlərlə bağlı danışan nazir Ədliyyə Nazirliyi tərəfindən hüquqi təhsil sahəsinin inkişafı və hüquq sisteminin müasirləşdirilməsi baxımından əhəmiyyətli addımlar atıldığını qeyd edib.
Forumda elektron hökumət və dövlət xidmətlərinin rəqəmsallaşdırılması, ədliyyə sahəsində süni intellektin tətbiqi, rəqəmsal notariat, məhkəmə ekspertizası sahəsində texnoloji yeniliklər, hüquqi təhsil və digər aktual mövzuların müzakirəsi həyata keçirilir.
29-30 may tarixlərini əhatə edəcək Foruma yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, dünyanın aparıcı ekspertləri və elm xadimləri daxil olmaqla 30 dövlətdən 600-dən çox nümayəndə qatılıb.
Səfər çərçivəsində Fərid Əhmədovun Özbəkistanın ədliyyə naziri və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi, əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.