“İsmayıllı rayonunda son dövrlərdə açılan sənaye və istehsal müəssisələri, əslində, ölkədə aparılan iqtisadi islahatların və dövlətin regionların inkişafına yönəlik strategiyasının tərkib hissəsi kimi həyata keçirilir”. Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, bu təşəbbüslər “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və milli sosial-iqtisadi inkişaf konsepsiyası çərçivəsində reallaşdırılır: “Hazırkı mərhələdə iqtisadi siyasətin əsas prioritetlərindən biri, idxalı əvəz edən məhsulların istehsalının genişləndirilməsi və ixrac potensialının artırılmasıdır. Bu məqsədlə daxili xammal bazasına əsaslanan, yüksək əlavə dəyər yaradan və regionlarda məşğulluğun artırılmasına töhfə verən istehsal müəssisələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır”.
Ruslan Atakişiyev qeyd edib ki, son dövrlərdə dövlətin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri regionlarda dayanıqlı məşğulluğun təmin olunması, yeni iş yerlərinin yaradılması və əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsi ilə bağlıdır: “Bu məqsədlə regionlarda istehsal və xidmət yönümlü müəssisələrin yaradılması təşviq edilir və bu prosesdə özəl sektorun fəal iştirakı üçün əlverişli investisiya mühiti formalaşdırılır.
Müvafiq olaraq, İsmayıllı da daxil olmaqla müxtəlif regionlarda yeni müəssisələrin istifadəyə verilməsi, məhz özəl sektorun cəlb olunması və investisiya imkanlarının genişləndirilməsi fonunda həyata keçirilir. Bu müəssisələr vasitəsilə həm yerli resursların iqtisadi dövriyyəyə daxil edilməsi təmin olunur, həm də regionlarda iqtisadi fəallığın və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atılır”- deyə o əlavə edib .