…Deməli, Özbəkistan Rusiya vətəndaşları üçün ölkəyə girişi asanlaşdırır. Belə ki, bundan sonra ruslara Özbəkistana gəlmək üçün xarici pasport-filan lazım olmayacaq,.. şəxsiyyət vəsiqən var, buyur keç…
SİA xəbər verir ki, rusların yazdığına görə, bu qərar qarşılıqlı yaxınlaşma siyasətinin davamı olacaq və artıq Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanda olduğu kimi respublikaya səfəri sadələşdirəcək.
Müzakirə olunan yenilik fonunda KP.RU saytı “VKontakte”, “Odnoklassniki” sosial şəbəkələrində, həmçinin “Telegram” və “Viber” messencerlərində öz auditoriyası arasında onlayn sorğu keçirərək, hansı qonşu ölkələrin rusları daha çox maraqlandırdığını öyrənib.
Araşdırmada 7,4 min insan iştirak edib. İştirakçılara bir neçə cavab seçməyə icazə verilib.
Sorğunun nəticələrinə görə, Belarus ruslar arasında cəlbediciliyə görə lider olub: respondentlərin 39 faizi bunu arzuolunan yer adlandırıb.
Çoxları dostlarını və qohumlarını ziyarət etmək, habelə görməli yerləri, o cümlədən Polşa dövrünün memarlığını görmək istədiklərini bildiriblər.
…Özbəkistan ikinci ən populyar istiqamət olub və respondentlərin 12 faizi ora getmək istəyib. Göstərilən səbəblər arasında tarixi irs, zəngin milli mətbəx və Daşkənd, Səmərqənd, Buxara və Xivə kimi şəhərlərə maraq göstərilib. Respondentlər məşhur minarələri və qədim tikililəri görmək istəyini qeyd ediblər.
Tədqiqat iştirakçılarının 8 faizi Ermənistana səfər etmək istəyir. Ən çox adı çəkilən şəhərlər İrəvan, Sevan gölü və yerli mədəniyyətə və qonaqpərvərliyə maraq olub.
Azərbaycan respondentlərin 7 faizinin diqqətini ilk növbədə təbii landşaftları və Xəzər sahili ilə cəlb edib.
Respondentlərin 6 faizi Qazaxıstanı, 3 faizi isə Qırğızıstanı seçib.
Sonuncu, İssık-Kul gölünə görə turistlərin xüsusi marağına səbəb olur.
İştirakçıların 2 faizi Tacikistana səs verib, daha 14 faizi isə bütün yaxın xaric respublikalarına səfər etmək arzusunda olduğunu bildirib.
Bundan əlavə, respondentlərin 2 faizi Çin, Türkmənistan, Abxaziya və Gürcüstan kimi istiqamətlərə üstünlük verib. Eyni zamanda, iştirakçıların 30 faizi hələ xaricə səfərlər planlaşdırmadıqlarını, daxili turizmə – Baykal, Altay və Kamçatkaya üstünlük verdiklərini bildirdilər.
…Yeri gəlmişkən, bundan əvvəl, mayın 28-də Soçidə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərini və aparıcı ekspertləri birləşdirən Müstəqil Dövlətlər Birliyinin (MDB) Turizm Şurasının genişləndirilmiş iclası sənayenin cari məsələlərini müzakirə edib.
Nazlı Almuradova