“Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb. SİA xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sənəd nazir Mikayıl Cabbarovun Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşündə imzalanıb.
Sənədi Alman İqtisadiyyatının Şərq Komitəsi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatası imzalayıb.
Sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə təşəbbüslərin reallaşdırılmasını stimullaşdıracaq.
Bununla yanaşı, görüşdə işgüzar dairələr arasında əlaqələrin inkişafı perspektivləri müzakirə olunub. Azərbaycanın əlverişli biznes ve investisiya mühitinin Alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə yaratdığı imkanlar diqqətə çatdırılıb.
Tərəflər həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.