Azərbaycanda yemiş sahələrinin sığortalanmasına başlanılıb


Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəsilə yemiş (qovun) sahələrinin sığortalanmasına başlanılıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Aqrar Sığorta Fondunun həyata keçirilən mexanizm vasitəsilə, fermer və təsərrüfat sahibləri yemiş sahələrini çoxsaylı risklərdən qoruya bilərlər, bu zaman sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir. Azərbaycanda yemiş-qovun təqribən 5 min hektar ərazidə əkilir.

Bu bitki ən çox Mil Muğan və Mərkəzi Aran regionlarında becərilir. Ölkədə yemişin ən çox əkildiyi rayon Saatlıdır. Bu rayonda əkin sahəsi 912 hektardır və ya ölkə üzrə bütün yemiş sahələrinin təqribən 20 %-i bu rayonun payına düşür. Bundan başqa, Kürdəmir rayonunda 672 hektar, Sabirabadda 650 hektar, Ağsu rayonunda 420 hektar, Salyanda 276 hektar, Masallıda 248 hektar, Hacıqabulda isə 218 hektar yemiş-qovun becərilir. Ötən il ölkədə 90 min tonrdan artıq yemiş yığılıb. Yemiş əsasən daxili bazar üçün becərilir. Yemişin ölkə üzrə bir hektar sahədən orta məhsuldarlığı 18,5 tona çatır. Bəzi rayonlarda bu göstərici daha yüksəkdir. Məsələn, Saatlıda 1 hektardan 286 sentner, Sabirabadda 258 sentner, Qazaxda 250 sentner, Zərdabda 242 sentner, Ağcabədidə 241 sentner, Göyçayda 210 və Kürdəmirdə 192 sentner məhsul götürülür.

Aqrar sığorta yemiş əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Yemiş becərən fkrmerlər əkin sahəsini baza sığorta zərfi ilə yanaşı, əlaə ödəniş etməklə, doludan keyfiyət itkisi riskindən də sığorta edə bilərlər.

Doludan keyfiyyət itkisi – dolu vurması nəticəsində yemişin miqdarca deyil, keyfiyyətcə zərər görməsi, yəni məhsulun üzərinə ləkələr və sair düşməsidir. Nəticədə məhsulun əmtəə görünüşü pisləşir və satışında problem yaranır. Fermerlər bu məhsulu əvvəl planlaşdırdıqlarından daha aşağı qiymətə satmalı olurlar. Doludan kefiyyət itkisi sığortası isə bu zərərləri qarşılamağa imkan verir

Yemiş təsərrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 1,87%-4,56% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 1,96% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.

Əlaqəli Xəbərlər