Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilir. AYNA-dan SİA-ya bildirilib ki, cari ilin əvvəlindən bu günə kimi agentlik tərəfindən daha 15 dayanacaq pavilyonunun quraşdırılması üçün müraciət təsdiq edilib.
Dayanacaqların Babək prospekti (328 №li məktəb), Əjdər Məlikov küçəsi (iki ünvanda), 8 Noyabr prospekti (Nizami parkı), Elşən Süleymanov küçəsi 155-də, Abbas Mirzə Şərifzadə küçəsi (“Azərbaycan Nəşriyyatı”), Bəşir Bünyadov küçəsi (iki ünvanda), Süleyman Vəzirov küçəsi (Bakı Avropa Liseyi), Azadlıq prospekti (“28 Mall”), Səttar Bəhlulzadə, Afiyəddin Cəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələrində, Lökbatan-Puta və Qala-Şüvəlan yollarında quraşdırılması nəzərdə tutulub.
Bu müddət ərzində Bakı və Sumqayıt şəhərləri üzrə marşrut xətləri ilə bağlı təhlillər aparılıb və 329 avtobus dayanacağının quraşdırılması planlaşdırılıb.
Bakının “rəqəmsal əkiz”inin yenilənməsi üçün 75 müntəzəm marşrut üzrə dayanacaq və xətt məlumatları hazırlanıb. İlin əvvəlindən 3083 yol nişanına eyniləşdirmə nömrəsi verilib.