“Orta Dəhliz regional əməkdaşlıq, ticarət və investisiyaları təşviq edir”


Asiya və Avropanı birləşdirən Orta Dəhliz regional əməkdaşlıq, korporativ həllər, ticarət və investisiyaları təşviq edir. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu nəqliyyat dəhlizinin tranzit potensialının genişləndirilməsində maraqlıdır: “Bu kommunikasiya Azərbaycanın regional tərəfdaşları, o cümlədən Türkiyə və Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini gücləndirir. Azərbaycan öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin və Xəzər dənizinin nəqliyyat-tranzit potensialının artırılmasına böyük önəm verir”.

E.Əliyev bildirib ki, Türkiyə ilə nəqliyyat-logistika sahəsində əlaqələrimiz strateji xarakter daşıyır: “Bu sahədə tərəfdaşlığımızın inkişaf etməsi məmnunluq doğurur. Orta Dəhliz boyu ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Azərbaycandan, Türkiyə vasitəsilə Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırır. Azərbaycan bu çərçivədə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan infrastruktur layihələrinə investisiya yatırıb. Eyni zamanda Qars-Naxçıvan dəmir yolu layihəsini isə Orta Dəhlizin yeni bir qolunun yaranması kimi qiymətləndirməliyik”.

Əlaqəli Xəbərlər