“Rusiyanın Ukraynanı işğalı fonunda baş vermiş müharibə artıq neçə ildir ki, davam edir və nəticə etibarilə hər iki tərəfdən çoxlu sayda insan təlafatı və Ukraynanın ərazilərinin 20%-nin işğal altında olması ortadadır. Müharibənin sonlandırılması ilə bağlı çoxlu sayda təşəbbüslər olsa da, nəticə verən real addımlar atılmayıb”.Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının sülh təşəbbüsləri, ABŞ-da Trampın hakimiyyətə gəlməsi fonunda yaranan gözləntilər və İstanbul razılaşması çərçivəsində atılan addımlar da müharibənin tam dayandırılmasına gətirib çıxarmayıb: “Hazırda Rusiya tərəfinin irəli sürdüyü qəbuledilməz şərtlər və Ukraynanın da müəyyən güzəştlərə hazır olsa belə, Rusiyanın işğal etdiyi ərazilərin tanınması tələbi sülhə mane olur. Bu səbəbdən Rusiyaya qarşı daha sərt təzyiq siyasəti zəruridir. Tramp administrasiyası artıq Putinin bu davranışlarının Rusiyanın parçalanmasına səbəb ola biləcəyini ifadə edib və yeni sanksiyalar, Ukraynaya uzaq mənzilli silahların verilməsi məsələsi gündəmdədir.
Müharibə təkcə bu iki ölkəyə deyil, bütün regiona və dünyaya təsir edir. Avropa Ukraynaya dəstək məqsədilə böyük maliyyə və resurs ayırmalı olub. Azərbaycana gəldikdə isə, hər iki ölkə ilə iqtisadi əlaqələrimizin olması səbəbindən müharibə dolayısı ilə bizə də mənfi təsir edib. Müəyyən məhsulları artıq başqa ölkələrdən təmin etməyə və ya daha baha almağa məcburuq.
Sonda qeyd edilir ki, əgər sülh olarsa, bu, yalnız Rusiya və Ukrayna üçün deyil, Azərbaycan və dünya üçün də böyük uğur olacaq”.