Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Hophopnamə” Kitab Mərkəzində Azərbaycanın satirik şairi, mütəfəkkir, ictimai xadim və müəllim Mirzə Ələkbər Sabirin anadan olmasının 163-cü ildönümünə həsr edilmiş “Gəl, gəl a yaz günləri” adlı ədəbi-bədii tədbir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə şairin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Kitab Mərkəzində davam edən tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yer, cəmiyyətə təsiri və onun yaradıcılığının gənc nəslin tərbiyəsindəki rolu barədə fikirlərini bölüşüblər.
Daha sonra qonaqlar “Sabir yaradıcılığına bir nəzər”, “Sabir və Sabirabad”, “Sabir qohumluğu əlaqələri” adlı məruzələrlə çıxış edərək, dahi söz ustadının irsi ilə bağlı xatirələrini bölüşüb, Sabirin ədəbi irsinin bu gün də aktual olduğunu vurğulayıblar.
Tədbirin bədii hissəsində Sabirin yaradıcılığı əsasında İmişli Uşaq İncəsənət Məktəbinin müəllimi Elnur Məcidovun ifasında “Oxutmuram, əl çəkin!” mahnısı, Sabirabad Sosial İqtisad Kollecinin tələbələrinin ifasında “Satılır” şeiri səslənirilib və “Vur, vur…” kompozisiyası nümayiş olunub.