“Elektron pullar, bank hesabları və ödəniş kartlarında yerləşən vəsaitlərin təhlükəsizliyi məsələləri bir-birinə yaxın və oxşar prinsiplərə əsaslanır. Bu sahədə əsas diqqət yetirilməli məsələ, ilk növbədə, şifrələrin istifadəsidir. Sadə və asan təxmin edilə bilən şifrələr əvəzinə daha mürəkkəb və çətin qırıla bilən şifrələrin seçilməsi vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.
Onun sözlərinə görə, ümumi prinsip ondan ibarətdir ki, təhlükəsizliklə rahatlıq arasında müəyyən kompromis mövcuddur: “Yəni istifadəçi rahatlığını artırdığı zaman, müəyyən qədər təhlükəsizlikdən güzəştə gedilmiş olur və nəticədə risklər də artır. Əksinə, daha yüksək təhlükəsizlik təmin etmək üçün müəyyən rahatlıqlardan imtina edilməlidir. Başqa sözlə, təhlükəsizliyi artırmaq üçün istifadəçi rahatlığını qurban verməlidir. Məsələn, daha güclü və kompleks şifrələrin istifadəsi bu kompromisin bir nümunəsidir.
Bundan əlavə, iki faktorlu identifikasiya sistemləri – məsələn, WhatsApp, e-poçt və digər platformalarda tətbiq olunan ikili təsdiqləmə mexanizmləri – təhlükəsizliyi artıran mühüm vasitələrdəndir. Bu cür mexanizmlərdə istifadəçinin şəxsiyyətinin təsdiqi üçün sadəcə parol deyil, əlavə bir doğrulama mərhələsi də tələb olunur. Bu da informasiyanın qorunmasını əhəmiyyətli dərəcədə gücləndirir”.
İqtisatçı qeyd edibki, kriptovalyutaların saxlanması üçün istifadə olunan onlayn cüzdanlar — digər adı ilə “wallet”lər — təhlükəsizlik və rahatlıq baxımından müxtəlif növlərə ayrılır: “Bu cüzdanlar əsasən iki kateqoriyaya bölünür: isti (hot wallets) və soyuq (cold wallets) cüzdanlar.
İsti cüzdanlar onlayn rejimdə fəaliyyət göstərdiyinə görə onlardan istifadə çox rahatdır. İstifadəçi bu cüzdanlara istənilən yerdən və istənilən vaxtda daxil ola, əməliyyatları dərhal həyata keçirə bilər. Bu cür cüzdanlar sürətli mübadilə və likvidlik baxımından üstünlük təşkil edir. Lakin onların internetə daimi bağlı olması nəticəsində kibertəhlükələrə məruz qalma riski də daha yüksəkdir.
Soyuq cüzdanlar isə əksinə, oflayn rejimdə saxlanılan cüzdanlardır və bu səbəbdən təhlükəsizlik səviyyələri daha yüksəkdir. Bu tip cüzdanlar kriptovalyutaların uzunmüddətli saxlanması üçün daha əlverişlidir. Onlar gündəlik əməliyyatlar üçün nəzərdə tutulmadığından istifadəsi daha çətindir və əlavə prosedurlar tələb edir.
Bir çox istifadəçi optimal yanaşma kimi kriptovalyutalarının bir hissəsini soyuq cüzdanda — yəni gündəlik istifadə olunmayacaq hissəni —, digər hissəsini isə isti cüzdanda — gündəlik xərcləmələr və əməliyyatlar üçün — saxlayır. Bu yanaşma həm təhlükəsizlik, həm də funksionallıq baxımından balanslı hesab olunur. Təbii olaraq, isti və soyuq cüzdanların hər birinin ayrıca şifrə və identifikasiya mexanizmləri olur ki, bu da əlavə təhlükəsizlik qatını təmin edir”.
Həmçinin o bildirib ki, isti cüzdanların təhlükəyə məruz qalma riski yüksəkdir, lakin eyni zamanda onların istifadəsi rahatdır: “Məhz bu rahatlıq səbəbindən istifadəçilər tərəfindən üstünlük verilə bilir.
Digər bir təhlükə mənbəyi isə ictimai Wi-Fi bağlantılarıdır. Bəzi hallarda bu tip Wi-Fi şəbəkələri xüsusi olaraq istifadəçilərin bank hesablarına, kriptovalyuta parollarına və digər həssas məlumatlarına qeyri-qanuni şəkildə giriş əldə etmək məqsədilə qurulur. Buna görə də istifadəçilər hansı Wi-Fi şəbəkəsinə qoşulduqlarına diqqətlə yanaşmalıdırlar.
Bundan əlavə, elektron poçt vasitəsilə göndərilən spam mesajlar və zərərli əlavələr də təhlükə yarada bilər. Bu cür mesajlara daxil olmamaq və şəxsi məlumatları paylaşmamaq tövsiyə olunur. Mümkün olduğu hallarda isə istifadəçilər öz kriptovalyutalarını təhlükəsizlik baxımından daha etibarlı olan cüzdanlarda saxlamalıdırlar”- deyə iqtisadçı əlavə edib.