“Üç ölkənin rəhbərlərinin məhz həmin tarixdə görüş keçirməsi ciddi siyasi mesaj daşıyırdı”


“28 may tarixində Laçın rayonunda Azərbaycan, Türkiyə və Pakistan prezidentlərinin görüşünün keçirilməsi, həm zaman, həm də məkan baxımından mühüm rəmzi məna daşıyırdı. Görüş Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, xüsusilə də Laçın rayonunda baş tutmuşdur. Qeyd edilməlidir ki, Laçın Azərbaycanın qərb istiqamətində yerləşən və Ermənistanla sərhəddə olan sonuncu inzibati rayondur və tarixən Ermənistanın əsas hədəflərindən biri olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, 28 may tarixi Azərbaycan dövlətçiliyinin təşəkkülü – müstəqil Azərbaycan dövlətinin yaranması günü kimi beynəlxalq səviyyədə tanınır və qeyd olunur: “Bu baxımdan, üç dövlətin rəhbərlərinin məhz həmin tarixdə və həmin məkanda görüş keçirməsi ciddi siyasi mesaj və çağırış xarakteri daşıyırdı.

Bununla yanaşı, həmin görüş çərçivəsində artıq ənənəyə çevrilməkdə olan Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlığın institusional platformaya çevrilməsi istiqamətində növbəti addım atılmışdır. Görüş zamanı üç ölkənin liderləri tərəfindən səsləndirilmiş mühüm mesajlar və əməkdaşlığın gələcək inkişaf perspektivləri bu hadisəni əhəmiyyətli tarixi məqam kimi səciyyələndirir.

Siyasi nizamın formalaşdığı bir dövrdə müxtəlif güc mərkəzlərinin meydana çıxması müşahidə olunur. Azərbaycan isə bu proseslərdən kənarda qalmaq niyyətində deyil. Cənubi Qafqazın aparıcı dövləti olan və həm regionda, həm də regionla bağlı qlobal miqyasda baş verən proseslərdə ciddi aktor kimi tanınan, sözü və mövqeyi nəzərə alınan bir ölkə kimi Azərbaycanın belə platformalarda iştirakı ilk dəfə deyil”.

Siyasətçi həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin bu görüşdə bir sıra mühüm mesajları olmuşdur: “Onun çıxışında Azərbaycan, Türkiyə və Pakistan birliyinin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı iradənin, gücün, imkanların və qərarvermə qabiliyyətinin mövcud olduğu xüsusi olaraq vurğulanmışdır. Bu, həm beynəlxalq ictimaiyyətin bu mesajları müsbət qarşılayan seqmentinə, həm də neqativ mövqe tutan dairələrə ünvanlanmış ciddi bir bəyanat idi.

Həmçinin qeyd olunmuşdur ki, bu platforma heç bir dövlətə, onun suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə qarşı yönəlməyib. Lakin əgər bu dövlətlərdən hər hansı birinə qarşı təhlükə – o cümlədən ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə və ya terror təhdidləri – yaranarsa, bu təhdidlərə qarşı birgə mövqe sərgilənəcəyi açıq şəkildə bəyan edilmişdir.

Ümumilikdə hesab edirəm ki, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı müstəqil və institusional bir platformaya çevrilməkdədir. Gələcək perspektivdə digər dövlətlərin də bu platformada iştirakı mümkün ola bilər ki, bu da ümumilikdə həm regionun, həm də Orta Dəhliz üzərində yerləşən iştirakçı və potensial tərəfdaş dövlətlərin maraqlarına uyğun gələcəkdir. Belə bir əməkdaşlıq formatının mərhələli şəkildə genişlənməsi və dərinləşdirilməsi, nəzərdə tutulduğu kimi, gələcəkdə daha da inkişaf etdiriləcəkdir”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər