Latviyada “Konstitusiya və Suverenlik İli” çərçivəsində konsert keçirilib


Latviyanın Siqulda şəhərinin tanınmış “Siquldas Devons” mədəniyyət mərkəzində Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi münasibətilə konsert təşkil edilib.

SİA xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirliyin dəstəyi ilə keçirilən tədbirdə Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauze, Siqulda bələdiyyə şurasının sədri Linards Kumskis, yerli ictimai və mədəniyyət təmsilçiləri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 2025-ci ildə Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nin elan edilməsinin əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunmasının 30 illiyi cari ildə qeyd olunur. Diqqətə çatdırılıb ki, bu Konstitusiya bəşəriyyətin mütərəqqi ideyalarını özündə cəmləşdirib, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən edib, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin sarsılmaz olduğunu bəyan edib və ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların həyata keçirilməsinə yol açıb.

Qeyd olunub ki, Azərbaycan və Latviya sıx mədəni əməkdaşlıq ənənələrinə malikdirlər və Siqulda şəhərində ilk dəfə olaraq Azərbaycan musiqisinə həsr olunmuş konsert bu əlaqələrin göstəricisidir.

Tədbirdə çıxış edən Latviyanın kənd təsərrüfatı naziri, Hökumətlərarası Komissiyanın həmsədri A.Krauze Azərbaycan və Latviyanın oxşar tarixi yollar keçdiklərini və xalqlarımız arasında mövcud olan tarixi əlaqələri qeyd edərək, hər iki xalqın müstəqillik və suverenlik uğrunda apardığı mübarizənin əhəmiyyətini qeyd edib. Bu xüsusda diqqətə çatdırılıb ki, Azərbaycanda 1990-cı ilin 20 Yanvar faciəsi və Latviyada 1991-ci ilin yanvarında Barrikadalar Hərəkatı zamanı hər iki xalqın öz dövlətçiliyinin və suverenliyinin bərpası istiqamətində göstərdiyi qəhrəmanlıq tarixin parlaq səhifəsidir.

Daha sonra A.Krauze XIX-XX əsrlərdə Azərbaycanda yaşamış latış icması barədə söz açaraq, icmanın tanınmış üzvlərinin ölkəmizdəki fəaliyyətləri və mədəni həyatdakı rolunu vurğulayıb. O, bugünkü tədbirin dostluq və əməkdaşlıq rəmzi olduğunu söyləyib.

Konsertdə Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynova, tar ifaçısı Mircavid Cəfərov, pianoçu Elbəy Məmmədzadə, kamança ifaçısı Fərid Nəcəfov, Bülbül adına Musiqi Məktəbinin şagirdi Qurban Abdullalı, həmçinin Latviyanın musiqiçiləri Andris Buikis (zərb alətləri) və Mariya Rebçinska (bas) çıxış ediblər.

Konsert proqramında Azərbaycanın xalq mahnıları, muğamları və tanınmış Azərbaycan bəstəkarlarının klassik parçaları ifa olunub.

Əlaqəli Xəbərlər