Azərbaycan Respublikasının müstəqilliyinin 107-ci ildönümü ilə bağlı Meksikada rəsmi qəbul təşkil olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Meksika Xarici Əlaqələr Nazirliyinin nümayəndələri, parlament üzvləri və digər hökumət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbər və nümayəndələri, habelə yerli medianın, işgüzar və elmi dairələrin, o cümlədən gənclər təşkilatının təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov Azərbaycanın Şərqdə ilk dünyəvi və parlamentli respublika kimi yaranmasından bəhs edərək, onun keçdiyi tarixi yoldan, müstəqilliyin bərpasından sonra qarşılaşdığı çətinliklərdən və əldə etdiyi nailiyyətlərdən, bu gün beynəlxalq aləmdə getdikcə daha da artan rolundan danışıb. Bu il həm də Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinin və Vətən müharibəsində Qələbənin 5-ci ildönümünün qeyd olunduğunu xatırladıb.
Səfir, həmçinin Azərbaycanın regional sülh təşəbbüsləri, Ermənistanla aparılan birbaşa danışıqlar və sülh sazişi üzrə əldə olunan irəliləyişlər barədə məlumat verib. Beynəlxalq aləmin Azərbaycanın sülh gündəliyini dəstəkləyərək, Ermənistanı Konstitusiyasını dəyişərək onun müddəalarından ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasına çağırış etməsinə ümid etdiyini bildirib. Habelə o, azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərindən və məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı istiqamətində atılan uğurlu addımlardan bəhs edib.
Ölkəmizin çoxtərəfli və balanslaşdırılmış xarici siyasətinin effektivliyi və uğurundan söz açan səfir Azərbaycanın regionun lider dövlətinə və Asiya ilə Avropanı birləşdirən strateji layihələrin əsas iştirakçısına çevrildiyini vurğulayıb.
Məmməd Talıbov, həmçinin Azərbaycanın COP29-a uğurlu sədrliyindən danışaraq, əldə olunmuş tarixi qərarların həm miqyası, həm də sayı baxımından bu tədbiri iqlim danışıqları tarixində ən uğurlu və məhsuldar COP-lardan biri kimi səciyyələndirib.
Azərbaycan-Meksika münasibətlərinə toxunan səfir inkişaf dinamikasını yüksək qiymətləndirib, siyasi dialoq, iqtisadi və parlamentlərarası münasibətlərdə səmərəli əməkdaşlıqdan söz açıb, son dövrlərdə Azərbaycandan Meksikaya reallaşdırılmış yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Meksika xarici əlaqələr naziri adından çıxış edən səfir Migel Ruiz Kabanas Azərbaycan xalqını və hökumətini təbrik edib, ölkəmizin regionda artan geostrateji rolunu, eləcə də COP29 tədbirinə uğurlu ev sahibliyini yüksək qiymətləndirib. O, Meksika-Azərbaycan münasibətlərinin tarixindən danışaraq, ölkəmizin regionda ilk səfirliyini məhz Meksikada açdığını, Meksikanın isə regionda ilk və yeganə səfirliyinin Azərbaycanda olduğunu məmnunluqla xatırladıb. Formalaşmış dostluq münasibətlərinin artan dinamikasına toxunan səfir son dövrlərdə Azərbaycandan həyata keçirilmiş yüksək səviyyəli səfərlərin müsbət nəticələrini qeyd edib. Həmçinin Azərbaycanın regionda sülh və sabitliyi təmin etmək üzrə addımlarını və Ermənistanla sülh sazişi mətninin razılaşdırılmasını təqdir edib. Migel Ruiz Kabanas, habelə iqtisadi sahədə əməkdaşlıq potensialına və mədəni sahədə dinamik fəaliyyətin əhəmiyyətinə diqqət çəkib.
Tədbirdə, həmçinin Meksika parlamentində Azərbaycan Meksika Dostluq Qrupunun sədri Dulse Mariya Korinas Viyyeqas da çıxış edərək parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayıb, dostluq qrupunun rəhbəri kimi münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Tədbir çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə aid milli geyim nümunələrinin nümayişi keçirilib və iştirakçılara milli mətbəximizin təamları təqdim edilib.