“Əgər siyasi iradə və qarşılıqlı etimad möhkəmlənərsə,…”


“Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən münaqişənin sona çatması və sülh müqaviləsinin imzalanması regionun gələcəyi üçün son dərəcə vacib məsələdir. Son aylarda tərəflər arasında müəyyən yaxınlaşmalar müşahidə olunsa da, hələ də bir sıra mühüm məsələlər açıq qalır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Elvin Talışinski deyib.

Onun sözlərinə görə, 2023-cü ilin sonunda və 2024-cü ilin əvvəlində atılan müsbət addımlar – o cümlədən sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqların aparılması, əsirlərin qarşılıqlı şəkildə azad edilməsi və bəzi humanitar jestlər – ilin sonuna qədər sülhün əldə olunacağına ümid verir: “Lakin bunun reallaşması həm Azərbaycanın, həm də Ermənistanın siyasi iradəsindən, eyni zamanda beynəlxalq vasitəçilərin – xüsusilə Avropa İttifaqı, Rusiya və ABŞ-ın – mövqeyindən asılı olacaq. Əgər tərəflər konstruktiv dialoqu davam etdirərsə və üçüncü tərəflərin müdaxiləsi az olarsa, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür.

Zəngəzur dəhlizinə gəldikdə isə bu məsələ sülh prosesinin mühüm komponentlərindən biridir. Azərbaycan bu dəhlizin açılmasını regionun iqtisadi inteqrasiyası və nəqliyyat əlaqələrinin bərpası baxımından vacib hesab edir. Ermənistan isə bu məsələdə ehtiyatlı mövqe tutur və suverenliklə bağlı narahatlıqlarını dilə gətirir. Əgər siyasi iradə və qarşılıqlı etimad möhkəmlənərsə, Zəngəzur dəhlizinin də ilin sonuna qədər açılması real perspektiv ola bilər”.

Əlaqəli Xəbərlər