“Azərbaycan mətbuatı 150 il ərzində çox çətin yollardan keçmişdir. Bildiyimiz kimi, mətbuatın yaranma tarixi 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. O dövrdə həm maarifçilik funksiyasının yerinə yetirilməsi, həm də mülki şüurun formalaşdırılması, xalqın milli dəyərlər ətrafında birləşməsi üçün ciddi səylər göstərilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Editor.az İnformasiya Portalının təsisçisi və baş redaktoru Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, belə bir qəzetin fəaliyyət göstərməsi, dövrün çətin və mürəkkəb şəraitində, əslində inqilabi bir hadisə hesab olunurdu. Bu günkü müstəqil və güclü Azərbaycan mətbuatının təməli məhz o dövrdə qoyulub: “Ondan sonra keçən müddət ərzində Azərbaycan mətbuatı uzun illər ərzində obyektiv səbəblərə görə təzyiq və təsirlərə məruz qalmışdır. Həm Çar Rusiyası dövründə, həm də SSRİ dönəmində mətbuatımıza senzura tətbiq olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra isə Azərbaycan mətbuatı yeni bir mərhələyə qədəm qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan mətbuatı özünün intibah dövrünü yaşamağa başlamışdır. Müstəqil media üzərindən senzuranın götürülməsi, ağır iqtisadi vəziyyətdə olan qəzetlərin borclardan azad olunması və digər mühüm məsələlər Heydər Əliyevin azad və müstəqil media mühitinin formalaşmasına verdiyi böyük töhfələr idi.
Şübhəsiz ki, müstəqil dövlət quruculuğunun başlanmasından sonra, xüsusilə də qeyd etdiyim kimi, Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə mətbuatın cəmiyyətin nüfuzlu bir institutu kimi mövcudluğunu qoruyub saxlaması və inkişafı üçün mühüm işlər görülmüşdür. Bu gün Azərbaycan mətbuatı keyfiyyət baxımından tamamilə yeni və ciddi bir mərhələdədir. Mətbuatımız bu gün təkcə region mediası daxilində deyil, dünyanın nüfuzlu informasiya qurumları ilə yanaşı fəaliyyət göstərə biləcək səviyyəyə çatmışdır.
Azərbaycan mətbuatının real gücünü biz 44 günlük Vətən müharibəsi dövründə açıq şəkildə gördük. Tam məsuliyyətlə demək olar ki, Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri qələmlərini bir növ süngüyə çevirərək, yalnız xəbər hazırlamaqla kifayətlənmədilər. Eyni zamanda, Ermənistandan və onun havadarlarından qaynaqlanan xarici informasiya vasitələrinin həyata keçirdiyi informasiya terroruna və təxribatına qarşı mübarizə apardılar.
Hər kəsə məlumdur ki, Vətən müharibəsi dövründə döyüş yalnız ön cəbhədə deyil, həm də informasiya məkanında — arxa cəbhədə aparılırdı. Bu da müharibənin qələbə ilə başa çatmasında həlledici rol oynadı. Bu baxımdan demək olar ki, Azərbaycan mətbuatı 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxmışdır.
Bu gün də Azərbaycanda mətbuatın inkişafı üçün dövlət tərəfindən, başda Medianın İnkişafı Agentliyi olmaqla, müxtəlif layihələr həyata keçirilir. Mətbuatın iqtisadi müstəqilliyinin təmin olunması, peşəkar jurnalistlərin sayının artırılması, obyektiv və jurnalistika standartlarına cavab verən xəbərlərin hazırlanması, jurnalistlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və onların xarici təcrübə ilə tanış olunması istiqamətində dövlət öz siyasətini davam etdirir.
Mən düşünürəm ki, mətbuatımız bu 150 illik tarixində çox böyük uğurlar əldə etmişdir və arzu edirəm ki, mətbuatımız hər zaman bu uğurlarını davam etdirsin”.