İyunun 3-də “BP-Azərbaycan” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qarabağ” layihəsi ilə bağlı yeni sənəd imzalayacaq. Bu barədə SİA BP-dəki mənbələrə istinadən xəbər verir.
Bildirilib ki, sənəd Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, eləcə də 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi çərçivəsində imzalanacaq.
Qeyd edək ki, 2024-cü il sentyabrın 20-də SOCAR və BP arasında “Qarabağ” neft yatağı və “Əşrəfi – Dan Ulduzu – Aypara” (ADUA) sahəsinə dair Anlaşma Memorandumu imzalanıb.
“Qarabağ” yatağı Bakıdan təxminən 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, 150-200 metr su dərinliyində yerləşir. ADUA sahəsi isə paytaxtdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdəki sularda yerləşir.
SOCAR və Norveçin “Equinor” şirkəti 2018-ci il mayın 31-də Bakıda Əşrəfi – Dan Ulduzu – Aypara strukturlarının kəşfiyyatı və işlənməsi üzrə Hasilatın Pay Bölgüsü (PSA) tipli müqavilə və “Qarabağ” yatağının işlənməsi üzrə Risk Xidməti Müqaviləsi imzalayıblar. Layihələrin icrası üçün tərəflər paritet əsaslarla əməliyyat şirkəti yaradıblar. Lakin “Equinor” 2023-cü ilin dekabrında layihələrdəki 50 %-lik iştirak payını SOCAR-a satıb. Sövdələşmə 2024-cü il aprelin 24-də rəsmiləşdirilib.