Çimərlik mövsümünün rəsmi açılış tarixi ilə bağlı konkret bir tədbir və ya mərasim nəzərdə tutulmayıb. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda çimərlik mövsümünün başlanğıcı hava şəraitinə uyğun olaraq, qeyri-rəsmi şəkildə formalaşır. Yəni, havalar istiləşdikcə insanlar dənizə üz tuturlar. Məsələn, son günlərdə havanın isti keçməsi nəticəsində çimərliklərdə insanların sayında artım müşahidə olunub, lakin hava şəraiti dəyişdikdə, çimərliklərdəki aktivlik də azalır.
Bakıda 6 ictimai çimərlik mövcuddur və bu ərazilərdə artıq müvafiq təmir və təmizləmə işləri başa çatdırılıb. Bundan əlavə, bir sıra özəl çimərliklər və istirahət mərkəzləri də fəaliyyət göstərir. Bu çimərliklərin bir qismi aidiyyəti qurumlar – məsələn, Bakı Şəhər İcra Hakimiyyəti və ya digər müvafiq orqanlar tərəfindən nəzarətdə saxlanılır. Onlarla bağlı daha ətraflı məlumatı rəsmi qurumların açıqlamalarından əldə etmək mümkündür.