İxrac rəqəmlərində sıçrayış: Azərbaycan Gürcüstanı geridə qoydu


Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük və Dövlət Statistika Komitələrinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədən ixrac olunan qeyri-neft-qaz məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% və ya 98,2 milyon dollar artaraq 771,9 milyon dollara çatıb. SİA xəbər verir ki, son 5 ildə qeyri-neft-qaz məhsullarının ən yüksək ixrac həcmi 2023-cü ilin I rübündə 912,2 milyon dollar məbləğində qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ilin I rübündə əldə olunan yüksək nəticənin əsas səbəbi həmin dövrdə ixrac olunan elektrik enerjisinin həcminin daha yüksək olmasıdır. Daha dəqiq desək, 2023-cü ilin I rübündə 2,4 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac olunub ki, nəticədə 281,1 milyon dollar gəlir əldə edilib. Müqayisə üçün deyək ki, elektrik enerjisinin ixracı 2024-cü ilin I rübündə 718,1 milyon kVt/saat (40,6 milyon dollar), cari ilin I rübündə isə 440,4 milyon kVt/saat (24,4 milyon dollar) təşkil edib.

Cari ilin I rübündə qeyri-neft-qaz məhsulları üzrə ən çox gəlir gətirən ixrac məhsulu meyvə-tərəvəz olub. İlk 3 ayda xarici ölkələrə 153,4 milyon dəyərində meyvə-tərəvəz ixrac olunub və bu da ümumi qeyri-neft-qaz məhsulları üzrə ixracın 19,9%-ni təşkil edib.

İkinci sırada 87,2 milyon dollar dəyərində ixrac ilə kimya sənayesi məhsulları yer alıb. Bu məhsullar qeyri-neft-qaz məhsulları üzrə ixracın 11,3%-ni təşkil edib.

İlk üçlüyü 81,7 milyon dollar ilə plastik və ondan hazırlanan məmulatların ixracı tutub. Bu məhsullar da öz növbəsində qeyri-neft-qaz məhsulları üzrə ixracın 10,6%-nə bərabər olub.

Qeyd edək ki, bu dövr ərzində 53 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 45,1 milyon dəyərində pambıq, 24,4 milyon dəyərində elektrik enerjisi və 18,4 milyon dəyərində qara metal və ondan hazırlanan məmulatlar ixrac olunub.

Cari ilin I rübü ərzində ixrac olunan qeyri-neft-qaz məhsullarının 30,17%-i şimal qonşumuz Rusiyanın payına düşüb. Bu ixracın həcmi 232,9 milyon dollar təşkil edib.

İkinci sırada 134,3 milyon dollar həcmində ixrac ilə qardaş ölkə Türkiyə yer alıb. Türkiyəyə olan ixrac həcmi ümumi qeyri-neft-qaz məhsulları üzrə ixracın 17,4%-ni təşkil edib.

İlk üçlüyü 10,45%-lik pay ilə digər qonşumuz Gürcüstan tamamlayıb. Cari ilin I rübündə Azərbaycandan Gürcüstana 80,6 milyon dollar dəyərində qeyri-neft-qaz məhsulları ixrac olunub.

Növbəti iki sıranı ardıcıl olaraq İsveçrə (69,6 milyon dollar) və Ukrayna (51,1 milyon dollar) tutub.

Məlumat üçün bildirək ki, bu 5 əsas ölkəyə olan ixrac həcmi ümumi qeyri-neft-qaz məhsulları ixracının 73,65%-ni təşkil edib. Qalan 26,35% isə adı çəkilməyən digər ölkələrin payına düşüb.

Qeyd edək ki, cari ilin I rübündə 91 ölkəyə qeyri-neft-qaz məhsulları ixrac olunub.

Azərbaycan və Gürcüstanın Dövlət Statistika Komitələrinin rəsmi internet ünvanlarından əldə olunan məlumatlar əsasında aparılan təhlil göstərir ki, Azərbaycan ölkə mənşəli qeyri-neft-qaz məhsullarının ixracı üzrə Gürcüstanı geridə qoyub. Cari ilin I rübündə Gürcüstan digər ölkələrə 1371,2 milyon dollar dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib ki, bunun yalnız 46,4%-i və ya 636,5 milyon dollar dəyərində olan hissəsi Gürcüstanda istehsal olunub. Azərbaycanın isə bu dövrdə ixrac etdiyi 771,9 milyon dəyərindəki qeyri neft-qaz məhsullarının 89,5%-i və ya 691,1 milyon dəyərində olan hissəsi Azərbaycanda istehsal olunub.

Əlaqəli Xəbərlər