Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin işğaldan azad edilmiş Laçın şəhərində dövlətlərimizin birliyini və həmrəyliyini nümayiş etdirən Zirvə görüşünün məhz Azərbaycan xalqının öz Müstəqillik Gününü qeyd etdiyi bir gündə, mayın 28-də, xalqımız üçün əlamətdar olan gündə keçirilməsinin rəmzi mənası çox böyükdür. Bu, ilk növbədə qardaşlığın gücü, qardaşlıq rəmzi olaraq başa düşülür.
Gücümüzün birlikdə, həmrəylikdə, qardaşlıqda olduğu mesajı verilib
Bütün dünya ictimaiyyətinə də çox yaxşı bəllidir ki, Azərbaycan, Türkiyə və Pakistan bir-biri ilə sıx bağlı dövlətlərdir. Çox yaxşı bəllidir ki, üçtərəfli əlaqələr iqtisadi, hərbi və humanitar sahələrdə fəal şəkildə inkişaf edir. Sirr də deyil ki, ölkələrimiz həm regional, həm də beynəlxalq siyasət məsələlərində bir-birlərini dəstəkləyirlər. Təsadüfi deyil ki, bu dəstək, məhz dövlət başçılarının Laçında keçirilən sammitdəki çıxışlarında da öz əksini tapmış oldu.
“Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə möhkəmlənir. Biz hər zaman bir-birimizin yanındayıq, həm xoşbəxt, həm də çətin gündə həmrəylik nümayiş etdiririk, dəstək veririk. Strateji əməkdaşlığımız bu gün keçirilən ikinci üçtərəfli Zirvə görüşündə bir daha təsdiqləndi”, deyə Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında bildirməsi qeyd olunanları bir daha təsdiqləyir. Xüsusilə də, 44 günlük müharibədə Türkiyə və Pakistanın Azərbaycana siyasi və mənəvi dəstək verdiyini qeyd edən ölkə rəhbərimiz rəsmi Bakının mesajını vermiş oldu. Bu mesaj hər üç ölkənin gücünün onların birliyində olduğunu bir daha xatırladır. “Türkiyə və Pakistanın dəstəyi bizi ruhlandırdı, bizə əlavə güc verdi. Biz bu böyük siyasi və mənəvi dəstəyə görə qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara hər zaman minnətdarıq”, deyə bəyan edən Azərbaycan Prezidenti bizim gücümüzün birlikdə, həmrəylikdə, qardaşlıqda olduğunu hər kəsə çatdırıb.
“Azərbayca Ermənistanın hücumuna məruz qalıb. Türkiyə və Pakistan möhkəm qaya kimi Azərbaycanın tərəfində dayanıblar. Hindistan Pakistana hücum edib, əziz qardaşım Prezident Ərdoğan, Pakistandakı qardaşlarımız və əziz qardaşım İlham Əliyev, eləcə də Azərbaycandakı bacı və qardaşlarımız mümkün olan ən qısa zamanda Pakistanla tam həmrəy olduqlarını nümayiş etdirdilər”, deyə öz növbəsində Pakistanın baş naziri çıxışı zamanı xatırlatmasını təsadüfi olaraq etməyib. O, məhz Qarabağ, Kəşmir və Şimali Kipr məsələlərində Ankara, Bakı və İslamabadın siyasi xəttlərindəki mühüm yaxınlıqlara diqqət çəkib və bu məqam özü qardaşlığın gücünün təzahürü olaraq diqqətə çatdırılır.
Üç ölkənin qardaşlığının gücü, birliyi dayanıqlı platforma olaraq qəbul edilir
Bildiyimiz kimi, yeni dünya düzəninin çətin şəraitində istənilən xarici çağırışlara cavab vermək ən önəmli hesab olunur. Məhz bu baxımdan da, həmin çağırışlara cavab verilməsi üçün üç dövlətin, üç qardaş ölkənin çoxşaxəli əməkdaşlığı ümumi maraqlara və gələcəyə hesablanıb. Bunu, bu məqamı bütün dünya ictimaiyyəti çox yaxşı başa düşür. Əslində, sözügedən sammit və həmin zirvə görüşündə üç qardaş ölkənin rəhbərlərinin, liderlərinin bir yerdə olması çox ciddi mesajdır. Bu mesaj qardaşlığın gücünü ifadə edir. Çünki hər kəs başa düşür ki, Laçın sammiti və həmin sammitdə ifadə olunan mövqelər üç dövlətin birliyinin, möhkəmliyinin bir növ, daha bir təsdiqi sayılır.
Sözsüz ki, həmin sammit eyni zamanda, üçtərəfli əməkdaşlığın yeni konturlarını da müəyyənləşdirmiş oldu. Artıq hər kəsin müşahidə etdiyi format dayanıqlı platforma olaraq qəbul edilməkdədir. “Ölkələrimizin strateji mövqeyi və dinamik iqtisadi potensialı qarşılıqlı fayda üçün geniş imkanlar yaradır. İnanırıq ki, birgə layihə və proqramlar sayəsində siyasi, iqtisadi, enerji sahələrində, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq daha da sürətlə inkişaf edəcək”, deyə cənab Prezident İlham Əliyevin bəyan etməsi məhz həmin dayanıqlığın, həmin platformanın möhkəmliyinin təsdiqidir. Bəli, üç ölkənin qardaşlığının gücü, birliyi dayanıqlı platforma olaraq qəbul edilir.
Müşahidə edilən birlik bizim qardaşlığımızın gücünün təzahürüdür…
Zirvə görüşünün məhz 2021-ci ildə tikintisinə başlanan və ağır dağlıq şəraitdə aparılan, zəhmət tələb edən qazıntı və mühəndislik işləri tələb edən Laçın Beynəlxalq Hava Limanının açılışı ilə eyni vaxtda olması heç də təsadüfi sayıla bilməz. Bu, ilk növbədə onu göstərir ki, qardaş ölkələr Azərbaycanın dövlət strategiyasının bu prioritet istiqamətinə də böyük dəstək verirlər. “Biz bu layihələrin Azərbaycanda həyata keçirilməsinə verdiyimiz töhfə ilə fəxr edirik və Azərbaycanın bölgələrinin bərpasında iştirak edən hər kəsə təşəkkür edirəm”, deyə Türkiyə Prezidentinin bildirməsi çox ciddi mesajdır və qardaşlığın gücünün ifadəsidir.
Bütün dünya ictimaiyyəti etiraf edir ki, Türkiyə-Azərbaycan-Pakistan münasibətləri digərlərindən səmimiyyət və qardaşlıq baxımından seçilir və çox fərqlənir. Ölkələrimiz bir-birlərinin uğurları ilə fəxr edirlər, qürur duyurlar. Üç dövlət başçısının bir-birinə daim “Qardaş” deyə müraciət etməsi arada olan səmimiyyəti təsdiq etdiyi kimi, uğurları və qələbələri bir yerdə qeyd etmələri də qürur hissini isbatlayır.
Görünən odur ki, hər üç qardaş ölkənin nüfuzu qlobal müstəvidə getdikcə artmaqdadır. Özü də dinamik şəkildə artmaqdadır. Hər üç ölkənin geosiyasi əhəmiyyəti də bütün dünyada qəbul edilməkdədir. “Güc birlikdədir”, zərb məsələində qeyd olunduğu kimi ölkələrimizin, Azərbaycan, Türkiyə və Pakistan olmaqla, hər üç ölkənin qüdrəti məhz birliyin sayəsində bu həddədir. Dəfələrlə qardaşlığımız və birlikdə güclü olmağımız barədə bütün dünyaya mesajlar verilib. Bu dəfə də məhz Laçın sammitində, işğaldan azad olunan torpaqlarımızda hər kəsin müşahidə etdiyi birlik bizim qardaşlığımızın gücünün təzahürüdür…