Milli Məclisin deputatı Anatoliy Rafailovun təşəbbüsü və “Magen David Azərbaycan” – İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə Quba və Qusar rayonlarından şəhid övladları üçün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rayon icra hakimiyyəti başçıları, şəhid ailələrinin üzvləri, tanınmış incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri Milli Məclisinin deputatı Anatoliy Rafailov açıq elan edib. O, şəhidlərimizin şücaətindən danışıb, 44 günlük müharibədəki qələbənin memarının Ali Baş Komandan olduğunu qeyd edib.
A.Rafailov uşaqları 1 iyun bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb.
Tədbirdə qeyd edilib ki, Azərbaycanda uşaq siyasətinin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Xüsusi vurğulanıb ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş uşaqlarla bağlı dövlət siyasəti bu gün ölkə başçısı və birinci xanım tərəfindən çox uğurla davam etdirilir.
Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun rolu önə çəkilib, bu istiqamətdə böyük işlər gördüyü bildirilib. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirak etdiyi də qeyd olunub.
Çıxış edənlər azyaşlıları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Uşaqlara hədiyyələr verilib və xatirə fotosu çəkilib.
“Magen David Azərbaycan” təşkilatının rəhbəri David Seliverstov bu tədbirin keçirilməsini özünə fəxr və şərəf bilib.