Qubada Aqrar Biznes Festivalı keçirilib


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Quba rayonunda keçirilib. SİA xəbər verir ki, ASAN Xidmət Mərkəzinin ərazisində baş tutan tədbirdə kənd təsərrüfatına dair müxtəlif texnologiyalar, bölgənin kənd təsərrüfatı potensialının inkişafına yönəlmiş məhsullar nümayiş olunub, aqrar sahənin aktual mövzuları ətrafında panel müzakirəsi və təlim təşkil olunub. Festivalın əsas məqsədi regionlarda aqrar sahədə fəaliyyət göstərən fermerlər və sahibkarlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eyni zamanda innovativ texnologiyaların təşviqi və yerli istehsalın dəstəklənməsidir.

Festivalın sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar, ağıllı təsərrüfat sistemləri, rəqəmsal platformalar nümayiş etdirilib. Eyni zamanda, bir sıra dövlət qurumları da festivalda iştirak edərək fermer və sahibkarlara xidmətlərini təklif və nümayiş ediblər. İştirakçılar öz məhsullarını təqdim etməklə yanaşı, potensial tərəfdaşlarla birbaşa əlaqə qurmaq və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə ediblər.

Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov bölgənin aqrar potensialından bəhs edib, bu cür tədbirlərin fermerlər və sahibkarlar üçün yeni imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, regionun kənd təsərrüfatı ənənələrinin müasir texnologiyalarla inteqrasiyası məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artmasına xidmət edir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, Aqrar Biznes Festivalları kənd təsərrüfatında innovativ yanaşmaların təşviqi və praktiki biliklərin regionlara ötürülməsi, həmçinin dövlət dəstəyi alətlərindən effektiv istifadə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, əsas məqsəd bu sahədə mövcud yeniliklərin regionlarda yaşayan fermerlər üçün əlçatan olmasına dəstək verməkdir.

Tədbir çərçivəsində fermerlər üçün “Meyvə-tərəvəzlərin uzun müddətli saxlanma texnologiyaları və soyuq zəncirin tətbiqi” mövzusunda növbəti təlim keçirilib. “Agrosystems” MMC-nin direktoru Köçəri Həsənov tərəfindən keçirilən təlimdə məhsul itkisinin minimuma endirilməsi, keyfiyyətin qorunması, ixrac imkanlarının genişləndirilməsi və logistika zəncirində innovativ yanaşmaların rolu ətraflı izah olunub. Təlimdə iştirak edən fermerlərin sualları ətraflı cavablandırılıb.

Festival zamanı fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatları, maliyyə və sığorta qurumları tərəfindən güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri barədə məlumatlar təqdim edilib. Tədbirdə fermerlər və sahibkarlarla bank və kredit təşkilatlarının nümayəndələri arasında görüşlər olub, potensial əməkdaşlıq imkanları müzakirə edilib. Bununla yanaşı, festivalda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə dövlət və özəl maliyyə qurumlarının nümayəndələri çıxış edərək subsidiya siyasəti, güzəştli kreditlər, texniki və məsləhət dəstəyi və digər mövcud alətlər barədə iştirakçılara ətraflı məlumat təqdim ediblər. Panel müzakirədə iştirak edən fermerlərin sualları cavablandırılıb, onlara aqrar təyinatlı kredit almağa müraciət etmək üçün texniki dəstək göstərilib.

Əlaqəli Xəbərlər