Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin SİA-ya müsahibəsini təqdim edirik:
– 28 May Müstəqillik Günündə Azərbaycan – Türkiyə – Pakistan liderlərinin Laçından vermiş olduğu mesajların əhəmiyyətini necə qiymətləndirmək olar?
– İcazə verin birinci onu deyim ki, bu, həqiqətən də çox böyük və tarixi bir hadisə oldu. Açıq demək lazımdır ki, təxminən bir ay əvvəl bizi Prezident Administrasiyasının partiya məsələləri şöbəsi Laçın rayonuna aparmışdı. Orada biz öz gözümüzlə çox böyük quruculuq işlərinin getdiyini gördük və bunun canlı şahidi olduq. Ancaq bu səfər — yəni 28 may tarixində Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə keçirilən tədbir ölkəmizin tarixində görünməmiş bir hadisə idi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində üçüncü beynəlxalq hava limanının açılması ilə bağlı danışıldı. Bunu başqa bir tarixə və ya başqa bir yerə də salmaq olardı: məsələn, Cəbrayıla, Şuşaya və s. Amma məhz Müstəqillik Günündə keçirilməsi cənab Prezidentimizin Azərbaycan müstəqilliyinə verdiyi böyük dəyərin göstəricisidir. Ən vacib məqamlardan biri budur ki, bu hava limanının açılışı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünə təsadüf etdi. Həmçinin Türkiyə Respublikasının Prezidenti və Pakistanın Baş naziri də bu tədbirdə iştirak etdilər. Hava limanı rəsmi olaraq açılmamış olsa da, Pakistan hökumət təyyarəsinin oraya enməsi özü böyük məna daşıyırdı. Bu, sadəcə bir tədbir deyildi, bu, əsl sənəd idi, tarixi hadisə idi. Təəssüf ki, bəziləri, o cümlədən içimizdə olan müəyyən qüvvələr bu hadisənin əhəmiyyətini yetərincə qiymətləndirmirlər. Hətta bəzən bu nailiyyətlərin üzərinə kölgə salmağa çalışanlar da tapılır. Halbuki, baş verənlər, əslində, Azərbaycan tarixində nadir rast gəlinən bir hadisədir. NATO-nun ən güclü ordusuna sahib olan Türkiyə Respublikasının Prezidenti ilə yanaşı, nüvə silahına sahib ikinci böyük güc olan Pakistanın Baş nazirinin də bu tədbirdə iştirakı — Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz göstəricisidir. Bu, həm də Prezident İlham Əliyevin şəxsən dünya miqyasında qazandığı hörmətin və siyasi çəkisinin nəticəsidir. Gəlin açıq danışaq, bu yaşımıza qədər çox şeylər görmüşük, müxtəlif vəzifələrdə işləmişik, bir neçə dövlət başçısı ilə birgə fəaliyyət göstərmişik, amma belə bir hadisənin Azərbaycan tarixində misli görünməmişdir. Bu səbəbdən də həmin gün, yəni 28 may — Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümündə baş verənlər ölkəmizin tarixində qızıl hərflərlə yazılacaq. Üç böyük dövlət rəhbərinin bir yerdə verdiyi mesajlar kifayət qədər güclü və təsirli idi. Düşünürəm ki, bu həm regiona, həm də dünyaya mühüm bir siqnal oldu. Nəticələri də artıq görünməyə başlayıb. Sadə bir misal kimi, bazarda bir gün pomidorlarımız satılırsa, bu da həmin diplomatik gücün nəticəsidir. Bəli, bu görünən sadə bir şey kimi dəyərləndirilə bilər, amma hər bir detal öz yerində vacibdir. Sonda demək istəyirəm ki, görülən bütün bu işlər yalnız infrastruktur layihələri deyil, həm də dövlətçiliyin, suverenliyin və müstəqilliyin təntənəsidir. Bu, Prezident İlham Əliyevin Azərbaycan tarixində qoyduğu silinməz izdir və biz bu günü heç vaxt unutmayacağıq. Kim deyə bilər ki, bu işlər asan başa gəlib? Axı bu uğurlar gecə-gündüz yorulmadan çalışanların zəhməti ilə mümkün olub. Bir dəfə biz Şuşaya getdik, sonra da geri döndük. Açığı deyim, olduqca yorulmuşduq. Amma gələcək üçün bu zəhmət vacib idi. Məsələn, təhsil müəssisələri qurulur. Dəfələrlə gedib-gəlmişik, amma gördüklərimiz və təəssüratlarımız çox böyükdür. Orada mən belə dedim: “Şuşa artıq İsveçrəni xatırladır.” Çünki biz İsveçrədə də olmuşuq, İsveçdə də. Oralar doğrudan da çox gözəl bir diyar təsiri bağışlayır. İş yerləri yaradılır. Məsələn, biz orada ayaqqabı fabrikində olduq, mebel fabrikini ziyarət etdik. Müxtəlif emalatxanalar fəaliyyət göstərir. Camaat yeni-yeni məskunlaşır. Artıq həyat qaynamağa başlayıb. Həqiqətən də, bir canlanma var, həyat qaynayır. Bu işlərin ikinci bir mənası da var: Qarabağ əhalisinə olan dərin hörmətin göstəricisidir, xüsusilə də, Laçın hava limanının açılması. Kanat yolları çəkilir, tunellər salınır. Cənab Prezidentin çıxışlarında da bu infrastruktur layihələri xüsusi vurğulanır. Bu da bizə qürur verir. Bunları demək, qiymətləndirmək vacibdir. Susmaq olmaz. Çünki əgər biz bu qədər əziyyəti, bu qədər zəhməti görməməzlikdən gəlsək, elə bil ki, öz vicdanımız qarşısında kor olarıq. Mən düşünürəm ki, bu tarixi hadisələri düzgün təhlil etmək və gələcək nəsillərə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur.
– Bu görüşdən ciddi şəkildə narahat olan tərəflər də var. Onların narahatlığı nə ilə bağlıdır?
– Məsələnin mahiyyəti ondadır ki, nüvə silahına sahib bir dövlətin başçısı — Pakistanın Baş naziri və NATO-nun ikinci ən güclü ordusuna malik olan Türkiyənin Prezidenti Azərbaycana gəlir. Bu, sıradan bir səfər deyil. Burada həm Rusiya, həm Fransa Prezidenti Emmanuel Makron, həm də digər böyük dövlətlər bu hadisəni izləyir və təbii ki, narahat olurlar. Niyə narahatdırlar? Çünki bu, sadəcə bir hava limanının açılışı deyil, bu, Azərbaycanın bölgədə artan gücünün, nüfuzunun və müstəqil siyasət yürütmək bacarığının göstəricisidir. Bu tədbirdən sonra Azərbaycanın əleyhinə beynəlxalq mediada və bəzi siyasi dairələrdə çox ciddi təbliğat kampaniyaları başladıldı. Moskvada son günlərdə Azərbaycan əleyhinə aparılan təbliğatlar bunun bariz nümunəsidir. Eyni zamanda, Avropada və bəzi Qərb dairələrində də narahatlıq hiss olunur. Çünki bu qədər böyük güc nümayişi, bu qədər strateji əhəmiyyətli hadisə onlarda çaşqınlıq və narahatlıq yaradır. Amma bu, artıq keçmişdə qalan düşüncə tərzidir. Bu gün Azərbaycan öz yolunu müəyyən edib və onunla irəliləyir. Reallıq budur: Azərbaycanın uğurları təkcə daxili deyil, regional və qlobal səviyyədə də diqqət mərkəzindədir. Bəzi dairələr bunu həzm edə bilmir. Amma biz bu prosesin içindəyik və çox yaxşı bilirik ki, görülən işlər, əldə olunan nailiyyətlər böyük zəhmətin, qətiyyətin və düzgün siyasi iradənin nəticəsidir. Bu hadisə təsadüf deyil, bu “çoxlu səbəblərin nəticəsidir”. Azərbaycanın güclənməsi, bölgədə söz sahibi olması artıq faktdır və bu faktla hər kəs hesablaşmalı olacaq.
– Hindistanın bu görüş başa çatmadan isterik yanaşmasına səbəb nədir?
– Əvvəlcə onu qeyd etmək lazımdır ki, Pakistanla Hindistan arasında son vaxtlar ciddi gərginlik yaşanırdı. Belə bir şəraitdə Pakistanın Baş naziri, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyev bir araya gəldi. Bu görüş təkcə dostluq nümayişi deyildi, bu, həm də strateji əhəmiyyətə malik bir diplomatik hadisə idi. Pakistan Baş naziri bu səfər çərçivəsində həm Türkiyə, həm də Azərbaycan rəhbərlərinə öz minnətdarlığını bildirdi. Bu, o mənzərə idi ki, bütün dünyaya bir mesaj göndərdi: bu üç ölkə — Azərbaycan, Türkiyə və Pakistan artıq təkcə dost deyil, həm də beynəlxalq arenada birgə hərəkət edən strateji tərəfdaşlardır. Bu görüşün ardından Hindistan tərəfinin narahatlığını da başa düşmək mümkündür. Çünki Hindistan uzun illərdir Pakistanla düşmən münasibətlərindədir və bu cür üçtərəfli yaxınlaşma onun üçün ciddi geosiyasi çağırış deməkdir. Hindistanın bayrağını diplomatik təpkilər şəklində qaldırması da bu narahatlığın bir göstəricisidir. Nəzərə almaq lazımdır ki, birlikdə iki güclü dövlət — biri NATO-nun ikinci ən güclü ordusuna malik Türkiyə, digəri isə nüvə silahına sahib Pakistan yer alır. Azərbaycan da bu müttəfiqlərlə birgə dayanaraq sübut edir ki, artıq bölgədə heç kim ona təkbaşına şərt qoya bilməz. Artıq Azərbaycan özü diktə edən, regionda sözü keçən bir dövlətə çevrilmişdir. Bu narahatlıqların səbəbi təkcə üçtərəfli dostluq deyil. Məsələ ondadır ki, Hindistan və digər bəzi dövlətlər Ermənistana uzun illərdir hərbi və maliyyə dəstəyi göstəriblər. Gəncəyə və Bərdəyə atılan raketlər, Azərbaycanın mülki əhalisinə qarşı istifadə olunan silahlar məhz həmin xarici ölkələrin Ermənistana verdiyi texnologiyalarla həyata keçirilib. Bu, təkcə Ermənistanın deyil, eyni zamanda onun arxasında duran güclərin məsuliyyətidir. Bu gün isə vəziyyət dəyişib. Azərbaycan artıq öz iradəsi ilə hərəkət edən, qlobal güclərlə bərabər statusda olan bir dövlətdir. Bu yeni reallıqla hər kəs hesablaşmalı olacaq. Azərbaycan təkcə bölgənin deyil, artıq beynəlxalq siyasətin fəal iştirakçısı və söz sahibidir.
– Azad olunmuş ərazilərdə Türkiyə və Pakistan şirkətlərinin daha aktiv iştirakı ilə bağlı gözləntilər nədən ibarətdir?
– Mənim fikrimcə, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın bu səfəri təkcə siyasi yox, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyırdı. Onunla birgə gələn nümayəndə heyətində böyük iş adamları, tanınmış sənaye və iqtisadi birliklərin rəhbərləri də yer alırdı. Biz hər nə qədər səhnə arxasında baş verənləri görməsək də, sətiraltı mesajlar və görüntülərdən açıq şəkildə hiss olunurdu ki, bu səfər ciddi iqtisadi tapşırıqların və razılaşmaların əsasıdır. Artıq konkret sahələr müəyyənləşib. İkinci mühüm sahə isə sənaye və emal müəssisələridir. Burada həm Türkiyənin, həm də Pakistanın iş adamlarının marağı var. Pakistanın Baş naziri də öz çıxışında bildirdi ki, Pakistanın böyük istehsal gücü var. Bu sahədə Azərbaycanın da cəlbedici investisiya mühiti var və qarşılıqlı sərmayə qoyuluşu gözlənilir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, artıq 2 milyard dollara yaxın Azərbaycan sərmayəsi Pakistanda nəzərdə tutulub. Eyni zamanda Pakistan da Azərbaycana sərmayə yatırmaq üçün müəyyən razılaşmalar imzalayıb. Bütün razılaşmaların, investisiya planlarının əsas ünvanlarından biri isə şübhəsiz ki, Qarabağdır. Qarabağın bərpası və inkişafı üçün belə güclü iqtisadi tərəfdaşların iştirakı, həm regionun canlanmasına, həm də ölkə iqtisadiyyatına ciddi töhfə verəcəkdir. Burada ikitərəfli fayda var: həm xarici iş adamları burada iqtisadi fəaliyyət qurub gəlir əldə edəcəklər, həm də Azərbaycan bölgələrinin, xüsusilə Qarabağın inkişafı sürətlənəcək. Bu səbəbdən bizim öz sahibkarlarımız da bu prosesdə fəal iştirak etməlidir. Qarabağda böyük quruculuq işləri gedir, yollar çəkilir, infrastruktur qurulur. Bu prosesdə milli iş adamlarımız da iştirak etməli, fürsətləri dəyərləndirməlidirlər. Əlavə olaraq qeyd etmək lazımdır ki, son dövrlərdə yerli icra hakimiyyətləri də bu istiqamətdə olduqca fəal fəaliyyət göstərir. Yerli təşəbbüslərin və sahibkarlığın dəstəklənməsi üçün lazımi şərait yaradılır. Bu, sadəcə bir fürsət deyil, bu, həm də tarixi məsuliyyətdir. Qarabağda qurulan hər bir iş, atılan hər bir addım bizim gələcəyimizə yönəlib. İqtisadi güc, milli həmrəylik və strateji əməkdaşlıq bir araya gələndə, Azərbaycan daha da güclənəcək. Son dövrlərdə Azərbaycanda icra hakimiyyətlərinin fəaliyyətində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Təxminən iki il öncəki vəziyyətlə bu günü müqayisə etdikdə, artıq gözlə görünən ciddi fərqlər var. Rayonlarda aparılan abadlıq və yenidənqurma işləri, yerli əhalinin tələblərinin nəzərə alınması və vətəndaşlarla birbaşa ünsiyyətin güclənməsi, xalqla dövlət arasındakı münasibətlərin sağlam əsaslar üzərində qurulduğunu göstərir. Bu, çox sevindirici haldır. İnsanlar artıq hiss edir ki, cənab Prezidentin verdiyi tapşırıqlar təkcə mərkəzi səviyyədə deyil, yerli icra hakimiyyətləri tərəfindən də ciddi şəkildə icra olunur. Bu gün rayonlarda icra başçılarının əhali ilə mütəmadi görüşlər keçirməsi, yerindəcə problemləri dinləməsi və operativ həll yolları təklif etməsi önəmli bir keyfiyyət dəyişməsidir. Əvvəllər biz, bəzən haqlı olaraq, müəyyən tənqidlər səsləndirirdik. Lakin bu gün artıq real nəticələri görürük və bu dəyişikliklərə obyektiv yanaşmaq, onları qiymətləndirmək lazımdır. Prezident Administrasiyası, xüsusilə də Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi bu işlərin koordinasiyasında çox mühüm rol oynayır. Dövlət başçısının siyasətinə uyğun olaraq yerlərdə həyata keçirilən bu dəyişikliklər, xalqın rifahı naminə görülən vacib addımlardır. Digər tərəfdən, bir sıra müxalif dairələrin və bəzi xarici maraqlı qüvvələrin bu proseslərə kölgə salmaq, onları gözdən salmaq cəhdlərini də müşahidə edirik. Müstəqillik Günü ilə bağlı keçirilən möhtəşəm tədbirlərlə müqayisədə 2-3 nəfərin hansısa qəbirüstü mərasimdə Azərbaycanın deyil, Avropa bayrağı qaldırması, sadəcə olaraq diqqəti yayındırmaq cəhdidir. Bu cür hərəkətlərin arxasında duran məqsədləri isə cəmiyyətimiz yaxşı anlayır. Faktlar göz önündədir, bir tərəfdə üç ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın dövlət başçılarının birlik nümayiş etdirdiyi tarixi tədbir, digər tərəfdə isə 2-3 şəxsin fərdi aksiya ilə dövlətçilik əleyhinə davranış sərgiləməsi. Təbii ki, xalq bu müqayisəni özü aparacaq və hansı tərəfin dövlətə, xalqa və gələcəyə xidmət etdiyini düzgün qiymətləndirəcəkdir. Bu gün Azərbaycan güclənir. Təkcə mərkəzdə deyil, bölgələrdə də dövlətin nəfəsi, diqqəti, xidmətləri hiss olunur. Vətəndaşlar bunu görür, qiymətləndirir və bu inkişaf prosesində fəal iştirak edirlər. Biz də bu nailiyyətləri görməli, dəyərləndirməli və lazım gəldikdə səsimizi yüksəldib, həqiqətləri deməliyik. Çünki xalqın tərəqqisinə və dövlətin möhkəmlənməsinə yönələn hər bir addım bizim hamımızın uğurudur.
– Hafiz müəllim, gündəmə dair açıqlamalarınız olur. Bu isə bir anda gündəmi zəbt edir. İnsanlar da hesab edir ki, siz bu açıqlamaları bilərəkdən edirsiniz. Bu yanaşma doğrudur?
– Əgər xalqımız qazandığı imkanların dəyərini bilsəydi, biz artıq özümüzə əlavə düşmən axtarmazdıq. Bizim kifayət qədər düşmənimiz var: daxildə agentlər, xarici təsirlər, erməniyönlü qüvvələr – siyahı uzundur. Bu reallığı görmək lazımdır. Mən bu ölkədə dörd dəfə prezidentliyə namizəd olmuşam. Həyatımı riskə atmışam, canımı ortaya qoymuşam. Amma sonda gördüm ki, məsələ təkcə prezidentliklə həll olunmur. Əgər sistem düzgün qurulmayıbsa, rəhbərliklə heç nə dəyişmir. Mən nə deyirəm? Sadəcə istəyirəm ki, gözümüzü açaq, reallığı görək. Vəziyyət pisləşib. Hansı dəyərləri yaşadırıq? Hara getsən, hər kəs özünü “doktor”, “professor”, “riyaziyyatçı” adlandırır. İctimai xidmətlər zəifdir. Sadəcə adlar var, nəticə yoxdur. Bəs pul haradadır? Xaricdə villalarda, hesablarda gizlədilir. Dövlətin, xalqın bundan nə xeyri var?
Əsas suallar budur: Pullar hara gedir? Kim nəzarət edir? Dövlət və xalq nə qədər pay alır?
Mən sadəcə bunları demək istəyirəm. Bu prizmadan baxanda son aylarda bölgəyə, dövlətə nə qədər zərər dəydiyi aydın görünür. Bu ziyanı görməmək ayıbdır. Məsələn, baxırsan, Təhsil naziri çıxış edir. Komitə rəhbərləri çıxış edir. Hamısı kameralar qarşısında danışır. Amma arxa planda vəziyyət ağırdır. Reallıqla danışılanlar üst-üstə düşmür. Ona görə də artıq özümüzə dürüst baxmağın, həqiqəti deməyin vaxtıdır. Əks halda daha çox itirəcəyik.
– Hafiz Hacıyevin açıqlamaları şou-biznes xəbərlərindən daha çox səs-küyə səbəb olur. Sizcə, bunun səbəbi nədir?
– Səbəbim düz danışmağımdır. Düz deməyimdir. Çünki ali yol, doğru yol yalnız həqiqətdən keçir. Əgər mənim dediklərim yalandırsa, çıxın üzümə deyin. Əgər haqqı deyirəmsə, bunu da qəbul edin, susmayın. Mən nə deyirəm axı? Millətimin, xalqımın, dövlətimin xeyrinə danışıram. Başqa heç nə istəmirəm, heç nə də gözləmirəm. Mən yaltaqlanmıram, kimsəyə zəng edib nəsə istəmirəm, haqq olmayanı dilə gətirmirəm. Bəziləri kimi riyakarlıqla yox, sadəcə vicdanımla yaşayıram. Həqiqəti demək üçün yaşayıram, həqiqət yolunda ölməyə də hazıram. Çünki həqiqəti daşıyan, onu qoruyan bir insanam.