“Əməkdaşlıq gələcəkdə də davam etdiriləcək”


“Prezidentlərin iştirakı ilə keçirilən müştərək zirvə görüşü, şübhəsiz ki, dostluğun, qardaşlığın və sağlam əməkdaşlığın bariz nümunəsidir. Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanmış bir mesajdır – əmin-amanlıq, azadlıq və qarşılıqlı hörmət mesajı. Azərbaycan, Türkiyə və Pakistan uzun illərdir ki, qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri əsasında bir-birinin dövlət suverenliyinə və beynəlxalq hüquq çərçivəsində tanınmış mövqelərinə hörmətlə yanaşır, bu dəyərləri dünya ictimaiyyətinə də açıq şəkildə nümayiş etdirirlər”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu üç dövlətin birliyi eyni zamanda mühüm bir güc mərkəzi kimi çıxış edir: “Belə ki, adıçəkilən ölkələrin ümumi əhalisi 350 milyondan artıqdır və onların birlikdə sahib olduqları iqtisadi potensial təqribən 1,5 trilyon ABŞ dollarına bərabərdir. Bununla yanaşı, bu dövlətlər müasir və yüksək səviyyəli imkanlara malik hərbi qüvvələrə sahibdirlər.

Bu ölkələrin bir araya gəlməsi və öz ortaq ideyalarını beynəlxalq ictimaiyyətə bəyan etmələri, ilk növbədə, milli təhlükəsizlik, milli mənafelər, xalqların rifahı və əmin-amanlıq prinsiplərinə əsaslanır. Bu kontekstdə keçirilmiş zirvə görüşü eyni zamanda dünyaya nümayiş etdirdi ki, dövlətlər və xalqlar birgə və həmrəy olduqda, qlobal miqyasda sülh və sabitlik üçün zəmin yaranır. Bu isə bəşəriyyətin gələcəyi baxımından son dərəcə mühüm bir addımdır.

Həmin zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha vurğuladı ki, üçtərəfli əməkdaşlığımızın yeni mərhələsi başlanır və əminliklə demək olar ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcəkdir”.

Millət vəkili qeyd edib ki, Prezidentlərin ortaya qoyduğu mövqelər və bu mövqelərdə əksini tapan ifadələr, şübhəsiz ki, üç dövlətin qardaşlıq və dostluq rəmzi olmaqla yanaşı, həm də ölkələrin birliyini və qarşılıqlı həmrəyliyini xarici dövlətlər üçün nümunə kimi təqdim edir: “İstər İlham Əliyevin, istər Rəcəb Tayyib Ərdoğanın, istərsə də Baş nazir Mühəmməd Şahbaz Şərifin eyni zamanda bu zirvə görüşündə iştirak etməsi, yalnız sarsılmaz dostluq və qardaşlıq nümunəsi deyil, həm də hər üç dövlətin xalqlarının xoşbəxt gələcəyinə hesablanmış strateji yanaşmanın göstəricisidir.

Əslində keçirilən bu görüşün çox böyük əhəmiyyəti vardır. Çünki burada qarşılıqlı etimada əsaslanan münasibətlər dayanır. Pakistan və Türkiyə ilə əlaqələrimiz möhkəmdir. Bu dövlətlər daim Azərbaycanın yanında olduqlarını nümayiş etdirmiş, Azərbaycan da bu dövlətlərin yanında olduğunu ardıcıl şəkildə göstərmişdir. İstər 44 günlük Vətən müharibəsi, istərsə də 20 saatlıq antiterror tədbirləri zamanı bu dövlətlər mənəvi dəstəklərini Azərbaycandan əsirgəməmiş və bu dəstək bu gün də davam etdirilməkdədir.

Dövlətlər və xalqlar arasında mövcud olan dostluq münasibətləri gələcək üçün yeni imkanlar açır. Bu, həm iqtisadi inkişaf, həm də müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər