Amazoniyada qeyri-qanuni qızıl hasilatı torpaqların qurumasını kəskin şəkildə sürətləndirir


Beynəlxalq ekoloqlar kollektivi müəyyən edib ki, Amazoniyada qeyri-qanuni qızıl hasilatından sonra meşələrin bərpası xüsusilə yavaş baş verir. Səbəb isə qızıl çıxarmaq üçün ən çox istifadə edilən metodun torpağın kəskin qurumasına və onun yüksək temperaturlara qədər qızmasına səbəb olmasıdır. Sİas xəbər verir ki, bu barədə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin (USC) mətbuat xidməti məlumat yayıb.

“Biz çoxdan bilirik ki, torpağın deqradasiyası meşələrin bərpasını ləngidir, lakin bu dəfə başqa bir fenomenlə qarşılaşmışıq. Qızıl hasilatı yerli torpaqları qurudur, bu isə Amazoniyanın qırılmış meşələrində yeni ağacların böyüməsi üçün xüsusilə əlverişsiz şərait yaradır”, — deyə USC professoru Coşua Uest bildirib.

Alimlər Perunun “Madre de Dios” regionunda apardıqları müşahidələrdən sonra bu nəticəyə gəliblər. Bu bölgədə son onilliklərdə qeyri-qanuni qızıl axtaranlar tez-tez geniş meşə sahələrini qızıl çıxarmaq üçün qırırlar. Ən çox istifadə olunan metod olan torpağın üst qatının yüksək təzyiqli su topları ilə dağıdılması ilə həyata keçirilən “torpaq nasosu üsulu”dur.

Bu üsulda güclü su axınları torpağın üst qatını yuyur və altındakı çökmə qatlarını yumşaldır. Bu qatların içindəki qızıl hissəcikləri xüsusi qurğular vasitəsilə çıxarılır. Nəticədə isə meşələrin yerində onlarla metr hündürlüyündə qum yığınları və nəhəng “palçıq gölləri” əmələ gəlir.

Tədqiqatçılar bu qızıl hasilatı üsulunun ekoloji təsirlərini pilotsuz uçuş aparatları (dronlar), radarlar və yerüstü torpaq tədqiqat cihazları ilə araşdırıblar. Nəticədə meşələrin bərpasına mane olan, əvvəllər məlum olmayan bir amil üzə çıxıb. Belə ki, qum və digər hasilat tullantıları suyu Amazoniyanın normal torpaqlarından 100 dəfə daha tez buraxır və bu materiallar ibtidai meşə torpaqları ilə müqayisədə 5 dəfə daha sürətlə nəmini itirir.

Tədqiqat zamanı müəyyən edilib ki, qum yığınları günəş şüalarının təsiri ilə 60°C-yə qədər qızır. Belə yüksək temperatur və su çatışmazlığı nəticəsində, hətta ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumlar və fəallar tərəfindən xüsusi olaraq əkilən bitkilər belə normal inkişaf edə bilmir. Alimlər ümid edirlər ki, bu amilin başa düşülməsi Amazoniyanın meşələrinin bərpasına töhfə verəcək yeni yanaşmaların formalaşdırılmasına kömək edəcək.

Əlaqəli Xəbərlər