Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti iyunun 3-də Gürcüstana səfərə gəlib. SİA xəbər verir ki, Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Gürcüstan parlamentinin təhsil və elm komitəsinin sədri Givi Mikanadze ilə görüşüblər.
Görüşdə çıxış edən G.Mikanadze deyib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri daim inkişaf edir. Son 6 ayda ölkələrimizin parlamentlərarası dostluq qrupları və komitə sədrləri arasında yeddi görüş keçirilib. Azərbaycan parlamentinin sədri Gürcüstana səfər edib. Keçirilən görüşlərdə bir sıra önəmli məsələlər müzakirə olunub. Bu gün Gürcüstan ilə Azərbaycan parlamentləri arasındakı münasibətlər nümunədir.
Azərbaycan parlamentinin Gürcüstan parlamenti ilə əlaqədar üzrə dostluq qrupunun və parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Arzu Nağıyev isə bildirib ki, bu gün ölkələrimiz arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, əlaqələrin belə yüksək səviyyəyə çatmasında dövlət və hökumət başçılarının xüsusi rolu var. Yaranmış şərait parlamentlərarası münasibətlərin daha da möhkəmləndirilməsinə və inkişafına imkan verir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri elə həmin gün Tbilisidə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.