Azərbaycan TRACECA layihəsində çox mühüm yer tutur. Coğrafi mövqeyinə görə Azərbaycan Avropa ilə Asiya arasında tranzit rolu oynayır. SİA xəbər verir ki, xəbər verir ki, bu sözləri 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində təşkil olunan “Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması” panel müzakirəsində çıxışı zamanı TRACECA HAK DK-nın baş katibi Asset Assavbayev deyib.
O bildirib ki, belə sərgilərin və müzakirələrin təşkili olduqca faydalıdır.
“Burada dəmir yollarının rəqəmsallaşdırılması müzakirə ediləcək. Rəqəmsallaşma artıq həyatımızın bütün sahələrinə nüfuz edib. Dəmir yolu nəqliyyatı da istisna deyil. TRACECA iştirakçısı olan ölkələr, o cümlədən Azərbaycan bu istiqamətdə böyük işlər görüb. Rəqəmsallaşma yalnız sənəd dövriyyəsinin elektron qaydada yerinə yetirilməsi deyil, eyni zamanda, əməkdaşlıq əlaqələrinin sürətləndirilməsi və yaxınlaşması mahiyyətinə malikdir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda iştirak edən Mərkəzi Asiya ölkələrinin dəmir yolları sistemlərinin rəqəmsallaşdırılması yüklərin sürətli və təhlükəsiz daşınmasına imkanlar yaradar”, – deyən Asset Assavbayev nəzərə çatdırıb ki, TRACECA dəmir yolu nəqliyyatının rəqəmsallaşması istiqamətində xüsusi proqramlar hazırlayır.