Azərbaycan növbəti iki il ərzində “yaşıl enerji” sahəsinin inkişafının birinci mərhələsini tamamlayacaq. SİA xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istifadəyə verilməsi ilə yaşıl enerji inkişafının birinci mərhələsini tamamlayacaq: “240 MVt gücündə külək elektrik stansiyası 2025-ci ilin sonuna qədər tamamlanacaq. Ümumi gücü 1240 MVt olan 4 əlavə stansiyanın təməli qoyulub. Bu il, ümumi gücü 200 MVt olan daha 3 günəş stansiyasının tikintisinə başlayacağıq və 100 MVt gücündə üzən günəş enerjisi layihəsi üçün hazırlıq işləri aparılır. Ümumi investisiya həcmi 2,7 milyard ABŞ dolları olan bu layihələrlə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış gücündə bərpa olunan enerji payının 33,7 %-ə çatacağı gözlənilir”.
Nazir deyib ki, Azərbaycanda bu rəqəmin 2030-cu ilə qədər 38 %-ə və 2035-ci ilə qədər 42,5 %-ə çatdırmaqdır: “Növbəti 5 ildə 6 QVt-dan çox “yaşıl enerji” gücü — həm quruda, həm də dənizdə — inkişaf etdiriləcək və bunun 4 QVt-ı ixrac üçün nəzərdə tutulub”.